Rus memar-professor İrəvan səfərindən sonra “abidə vandalizmindən” danışan ermənilərdən birinə çevrildi...

Rizvan Hüseynov: “Şanqin pula satılıb”

img

“Haydan artıq hay” yalnız onun əlində alətə, pulun, ucuz qazancın girovuna çevrilənlər ola bilər. Çox təəssüflər olsun ki, bəzi rus “alim”ləri hayların pul-parasının girovuna çevrildiyindən, özlərini Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyasının mərkəzinə atırlar.

Guya onların sözləri ilə nə isə düzələndir. Bəzi rus “alim”ləri bu davranışları ilə özlərinin satılıq olduqlarını ortaya qoyurlar. Rusiyanın fəxri memarı, Moskva Memarlıq İnstitutunun (MARHİ) professoru Nikita Şanqin artıq çoxdan hay mafiyasının buyruq quluna çevrilib. Hay ağzı ilə danışan “görkəmli memar” Ermənistana, oradan da qanunsuz olaraq Qarabağa gedib. O əraziyə ki, ora gedən hər bir kəs Azərbaycan dövlətindən icazə almalıdır.

Qanunsuz əməlləri azmış kimi, o, “Sputnik Armeniya”ya açıqlama verərək Azərbaycana qarşı hədyanlar yağdırıb. Şanqin utanmadan, çəkinmədən dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Qarabağda erməni “mədəni irs”inin qorunması “problem”inə “diqqət yetirməyə” çağırıb. Beynəlxalq təşkilatlara, ictimaiyyətə çağırış edən “memar”və saxtakar professor iddia edib ki, Azərbaycanın azad etdiyi ərazilərdə guya “erməni irsi” var və bu da “məhv edilir”. Bundan başqa o deyib ki, “Dağlıq Qarabağda” da olub, Azərbaycanın “nəzarətinə keçən ərazilərdə” (əslində Azərbaycanın işğaldan azad etdiyi ərazilərində) erməni “abidələrinin və qəbiristanlıqlarının dağıdılmasına” şəxsən əmin olub.

Başabəla alim bütün dünyanı bu məsələdə aktiv iştirak etməyə çağırıb. Bundan başqa, bütün haylara məsləhət verib ki, yaşadıqları bütün şəhərlərin küçələrinə çıxıb  “mədəni irsi xilas etmək” üçün tələb irəli sürsünlər. Təsəvvür edin ki, bu “alim” nə qədər savadsız və düşüncəsizdir. O məgər bilmir ki, dedikləri cəfəngiyyatdan başqa bir şey deyil?

  • “Azərbaycan rəsmən Moskva Memarlıq İnstitutuna sorğu göndərib ondan cavab tələb etməlidir ki...”

Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində “Sputnik Armeniya”da gedən materiala baxanda əsl niyyəti tam görmək mümkündür: “Açıq görsənir ki, özünə “memar” deyən Şanqin ucuz erməni kampaniyasının bir parçasıdır. Yəni bu şəxs özünə, öz peşəsinə hörmət etsəydi bu qədər ucuzlaşmazdı və açıq-aşkar təxribatçı təbliğati ifadələrdən istifadə etməzdi. Yüzdəyüz Şanqin pula satılıb. Onun pul müqabilində üzərinə götürdüyü öhdəlik erməni yalanlarını səsləndirməkdir. Hətta o mətndə İranı tərifləyir. Heç yeri də yoxdur. Onun fikirlərində rənglər açıq şəkildə bilinir. Bu adam erməni-İran əməkdaşlığının bir məhsuludur. Bunu sadəcə Ermənistana və Qarabağa bir məqsədlə gətiriblər: erməni yalançı, saxtakar təbliğatının və İranın propoqandasının postulatlarını səsləndirsin. Mənə görə, onu ciddi qəbul etmək olmaz. Azərbaycan tərəfi, yaxşı olardı ki, Moskva Memarlıq İnstitutunun rəhbərliyinə bir məktub yazıb həmin qurumun əməkdaşlarını Qarabağa dəvət etsin. Həmçinin də Azərbaycan rəsmən Moskva Memarlıq İnstitutuna sorğu göndərib ondan cavab tələb etməlidir ki, bu şəxs memardırsa, nə üçün siyasi məsələlərə qarışır və yalançı erməni propoqandasının bir quluna çevrilib?”.

R.Hüseynov qeyd etdi ki, Azərbaycan rəsmən Moskva Memarlıq İnstitutundan Şanqinə qarşı ölçü götürülməsini tələb etməlidir. Ekspert bildirdi ki, adını “professor” qoyan bir şəxsə qarşı konkret tədbir görülməlidir: “Mənə görə, bu doğru olardı. Eyni zamanda, Azərbaycan Moskva Memarlıq İnstitutuna erməni vandalizminə məruz qalan, dağıdılan, məhv edilən  məscidlərdən tutmuş qəbiristanlıqlara, şəhərlərə, kəndlərə qədər hamısının siyahısını və fotolarını göndərməlidir. Ən yaxşı yolu bu olardı. Həmçinin, bizim Memarlıq İnstitutu və digər əlaqədar qurumlar da prosesə qoşulub məsələni çözə bilər”.

İradə SARIYEVA

Son xəbərlər