Türkdilli dövlətlər dezinformasiyaya qarşı birlikdə mübarizə aparmalıdır. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda açılan Türk Şurası Media Forumunun iştirakçılarına müraciətində bildirib. Türkiyə prezidenti deyib:
"Nəzarətsiz sosial şəbəkələr demokratiya, cəmiyyət və dövlətlərin milli təhlükəsizliyi üçün təhdid mənbəyinə çevrilib. Ölkələrimiz müstəqil informasiya sistemi və kütləvi informasiya vasitələrini formalaşdırmalıdır. Bu gün Türkiyə müdafiə və hərbi sahələrdə bunu edir”.
Ərdoğan bildirib ki, Qarabağda 44 günlük savaş zamanı baş verənlər "rəqəmsal faşizm"in təzahürü oldu, Qərbin tanınmış kütləvi informasiya vasitələri Ermənistan Silahlı Qüvvələrinin cinayətlərinə, Azərbaycanın dinc şəhərlərinin raket atəşlərinə tutulmasına məhəl qoymadı: "Ermənistan Silahlı Qüvvələri Azərbaycan şəhərlərini ballistik raketlərlə atəşə tuturdu, kütləvi qətllər törədirdi, lakin qanlı cinayətlər ört-basdır edilirdi, beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmırdı. Qarabağ müharibəsi ölkələrimizin üzləşəcəyi informasiya embarqosuna nə ilk, nə də son nümunədir".
Göründüyü kimi, Azərbaycan və Türkiyənin yaranmış yeni reallıqlar fonunda media və informasiya sahəsində də birgə əməkdaşlığını şərtləndirən meyllər nəzərə çarpır. Vətən müharibəsindən sonra bu yeni media inteqrasiyası hansı müsbət nıticələr verə bilər?
“Bu sahədə əməkdaşlıq hər iki ölkəni daha güclü edəcək və maraqlarımızın təmin olunmasına töhfəsini verəcək”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda qloballaşan dünyada inteqrasiyanı və maraqları təmin edən əsas platforma informasiya resursları sayılır: “Qlobal informasiya məkanında daha böyük və səmərəli platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik, iki qardaş ölkənin vahid media platforması hər iki medianın tarixən güclü olduğu platformalarda da onları daha güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Məsələn, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransız dilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarını təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi deyil, medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir. Müasir dünyada hibrid alətlər adlandırdığımız vasitələrlə dövlətlərə qarşı öz cəmiyyətləri daxilində mübarizə aparmaq mexanizmləri formalaşıb. Ərdoğan doğru olaraq qeyd edir ki, bunun təzahürünü biz müharibə dönəmində gördük. Biz iki qardaş ölkə olaraq, birgə səylərimizlə həmin informasiya blokadasını yara bildik. Bundan sonrakı dönəmdə bu sahədə birgə mövqe nümayiş etdirmıyə ciddi əsaslar və zərurət var. Düşünürəm ki, bunun üçün hər iki ölkənin yetərincə potensialı var. Bu sahədə əməkdaşlıq hər iki ölkəni daha güclü edəcək və maraqlarımızın təmin olunmasına töhfəsini verəcək”.
Məhəmmədəli QƏRİBLİ