Qarabağdan olan erməni QHT rəhbərlərinin İrəvanda keçirdikləri toplantıda Xankəndidəki real vəziyyətlə bağlı bəzi məsələlər məlum olub. Bəlli olur ki, Qarabağda qeyri-müəyyənlik uzandıqca ermənilər Xankəndini və digər yerləri tərk edir.
QHT nümayəndəsi Aşot Arutyunyan deyib ki, bizə gedin Qarabağda yaşayın deyirlər, amma Xankəndidən olan ermənilər İrəvana qaçıb ev alırlar: “Gəlin öyrənək, görək kim bura ev almaq üçün gəlib. Məlum deyil Xankəndidə evləri kimlər alıb. Qarabağdakı məktəblərdə müəllim çatışmazlığı yaranıb”.
Ümumilikdə, ermənilərin Qarabağı tərk etməsi ilə bağlı məlumatları müxtəlif mənbələr yayır və bununla bağlı gələn informasiyalar artır. Bu günlərdə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazdı ki, miqrasiyadan hətta Qarabağdakı sülhməramlılar belə narahat olmağa başlayıb: “Sülhməramlılar hesab edirlər ki, bu miqrasiya nəticəsində Qarabağın demoqrafik mənzərəsi dəyişəcək və insanların yaşamadığı torpaqları qorumağa, saxlamağa da ehtiyac olmayacaq”.
Bildirilir ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi üçün nəzərdə tutulan 5 illik müddət keçəndən sonra Qarabağda ermənilərin sayının kəskin azaldığı üzə çıxacaq: “Və sülhməramlıların sonrakı iştirakı məsələsi havadan asılı qalacaq”.
Bütün bunlar onu göstərir ki, ermənilərin Qarabağı tərk etməsi geridönməz prosesə çevrilib. Belə olmasaydı, o zaman separatçılar və erməni QHT təmsilçiləri bu dərəcədə narahat olmazdılar.
“Erməni əmlak saytlarında Xankəndidə satışa çıxarılan evlərlə bağlı elanların sayı artır”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov hesab edir ki, erməni tərəfi və sülhməramlılar müxtəlif vasitələrlə miqrasiyanı önləməyə çalışsalar da, istəklərinə nail ola bilmirlər: “Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində qalan ermənilərin sayı 25 min nəfərdən çox deyil. Onlar da əsasən Xankəndi şəhərində cəmləşiblər. Dağ kəndlərində yaşayan ermənilərin sayı olduqca azdır. Ermənilər bununla bağlı məlumatları çox vaxt gizlətsələr də, viziyyətləri acınacaqlıdır. Hərbi əməliyyatların dayandırılmasından sonra Rusiya sülhməramlıları Ermənistana köçən erməniləri geri qaytarmağa başlasa da, qayıdanların bir çoxu sonra yenidən oranı tərk etdi. Səbəb o idi ki, orada yaşamaq üçün perspektiv olmadığını gördülər. Bu tendensiya hazırda da davam edir. Başqa bir sübut ondan ibarətdir ki, Ermənistanın əmlak saytlarında Xankəndidə satışa çıxarılan evlərlə bağlı elanların sayı artır. Hərçənd, həmin evlərin kim tərəfindən alınması da bir başqa məsələdir. Çünki erməni evini satırsa, bunu digər erməni almaz. O zaman maraqlıdır, bəs onda həmin evləri kim alır? Çox güman ki, xarici hesablardan ödənişlər olur. Ancaq bunun elə də geniş miqyasda olacağını düşünmürəm. Məlum olan odur ki, Ermənistan bütün resurslarını işə salsa da, Qarabağdan erməni köçünü əngəlləyə bilmir. O səbəbdən erməni QHT-lər həyəcan təbili çalır”.
Partiya funksioneri onu da qeyd etdi ki, bu yöndə proses davam edəcək.
Vidadi ORDAHALLI