“Ermənistanda rus məktəblərinin açılması müzakirə edilmir, ancaq ölkədə rus dilinin tədrisini gücləndirmək lazımdır”. Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Xaricdə Yaşayan Rus Həmvətənlərinin VII Dünya Konqresində çıxış edərkən Ermənistan hökumətinin ölkədə rus dilinin mövqeyini gücləndirməkdə maraqlı olmadığını bildirib.
Maraqlıdır, ermənilər nə səbəbdən Ermənistanda rus məktəblərinin açılmasını istəmir?
“Ermənistan cəmiyyəti Qarabağ savaşında Rusiyadan gözlədiklərini ala bilmədiyi üçün Qərbə yaxınlaşmaqla Rusiyaya öz hiddətini göstərməyə başladı”
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Nikol Paşinyanın Ermənistanda siyasi hakimiyyətə gəlişindən sonra cəmiyyətdə Rusiya dəyərlərinin Qərb dəyərləri ilə əvəz olunmasına ciddi start verildi. Rusiya telekanallarının ölkə ərazisində yayımı dayandırıldı, rusdilli məktəblər, mədəniyyət mərkəzləri bağlandı. Bununla da Ermənistanın Qərbə inteqrasiyası surətləndi. Rusiyada güclü erməni diasporasının olmasına baxmayaraq, Ermənistanın əvvəlki rəhbərliklərinin vaxtında da erməni cəmiyyətinin Qərbə meylliliyi açıq-aşkar görünürdü. Hətta bu istək gizli şəkildə Kommunist Partiyasının hakimiyyətdə olduğu illərdə, SSRİ dövründə də mövcud idi. Ermənilər həmişə ruslardan öz məqsədləri üçün istifadə etsələr də, daima bir gözləri Qərbdə olub. Şübhəsiz ki, bu da Qərbdəki güclü erməni lobbisinin təsirindəndir.
44 günlük müharibədən sonra isə,bu istək və arzu daha da gücləndi. Ermənistan cəmiyyəti Qarabağ savaşında Rusiyadan gözlədiklərini ala bilmədiyi üçün Qərbə yaxınlaşmaqla Rusiyaya öz hiddətini göstərməyə başladı. Və nəhayət, Rusiya uzün illərdən sonra erməni xislətinin və xəyanətinin nədən ibarət olduğunun şahidi oldu. Hesab edirəm ki, Rusiya Federasiyası bundan ciddi nəticə çıxarmalıdır”.
Günel CƏLİLOVA