“Ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq”. Bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Ölkə başçısının sözlərinə görə, bu hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir: “Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq”.
Görünən odur ki, sadalanan faktorların səfərbər edilməsi və vəhdəti sayəsində Azərbaycan möhtəşəm qələbəyə nail oldu. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?
“Planlı şəkildə hərbi təlimlərin keçirilməsi, orduda kadr islahatları, cəbbəxananın gücləndirilməsi və...”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, kompleks hazırlıq sayəsində Azərbaycan 30 illik işğala son qoydu: “Məsələ ondadır ki, Azərbaycan dövləti bu qələbəni qazanmaq üçün çox ağır yollardan keçib. Həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan. Zamanla bütün resursların səfərbər edilməsi, bunların arasında vəhdət yaradılması ilə bağlı böyük işlər görülüb. Heç şübhəsiz, bütün bunların əldə edilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Ötən 18 il ərzində bu istiqamətdə ciddi işlər görülüb. Söhbət Azərbaycanın dövlət və milli maraqlarının təmin edilməsindən gedir. İş ondadır ki, illər öncə İlham Əliyev prezident seçiləndə ordu quruculuğunu prioritet məsələ elan etdi. Məqsəd ölkənin milli maraqlarını təmin etmək, ən başlıcası isə, ərazi bütövlüyünü bərpa etmək idi. Ordu quruculuğu ölkənin milli maraqlarının təmin edilməsində ən başlıca faktordur. Çünki mövcud vəziyyət tələb edirdi ki, ordumuzu gücləndirək. Planlı şəkildə hərbi təlimlərin keçirilməsi, orduda kadr islahatları, cəbbəxananın gücləndirilməsi və xarici siyasət prioritetlərinin yenilənməsi bizi qələbəyə doğru apardı”.
Hərbi ekspert hesab edir ki, bütün bunlardan sonra Azərbaycanın qələbə qazanması qaçılmaz idi.
Vidadi ORDAHALLI