İran Yollar və Yol İdarəçiliyi Təşkilatının baş direktoru Məhəmməd Cavad Hedayati Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayıb. Məktubda deyilir:
"Azərbaycan Respublikası ərazisinə rəsmi sərhədlər xaricində hər hansı bir giriş bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir".
Yol idarəsi rəsmi məlumatında Ermənistan ərazisindən Azərbaycan Respublikasının ərazisi olan Qarabağa və Laçın rayonunun (Şərqi Zəngəzur) ərazisinə girilməsinin, habelə bölgə ilə hər hansı bir ticarət müqaviləsinin imzalanmasının qadağan edilməsindən xəbər verir.
Göründüyü kimi, artıq İran bizim haqlı tələblərimizə uyğun şəkildə davranmağa başlayıb. Bunu necə dəyərləndirmək olar?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran bu addımı çoxdan atmalı idi: “Çünki bizim suveren ərazilərimizə icazəmiz olmadan yük daşınmaları etmək heç bir ədalətə, beynəlxalq normalara sığmırdı. Biz bunu tələb etməyə başlayanda, İran fərqli mövqe ortaya qoymağa başladı, hətta bizi hədələməkdən belə çəkinmədi. Azərbaycana qarşı bu qərəzli mövqeyinin ona fayda deyil, əksinə, zərər verdiyini görən Tehran münasibətlərində korrektə etmək qərarına gəlib. Biz bu addımı dəstəkləyirik. Çünki hər zaman mehriban qonşuluq münasibətlərinin saxlanılmasında maraqlı olmuşuq. Təəssüf ki, İran zaman-zaman bu normal münasibətlərə xələl gətirən addımlar atıb. Bunun ən gərgin mərhələsini biz hazırkı anda izləyirik. İranın bu addımını Azərbaycan tərəfi də cavabsız qoymayıb.
Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək İrana öz müsbət jestini edib.
İran İslam Respublikasının iki vətəndaşı öz ölkələrinə qaytarılıb.
Xatırladaq ki, adıçəkilən şəxslər malları Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələrinə görə saxlanmışdılar. Ancaq hesab edirəm ki, İran tərəfindən gərginləşdirilən münasibətləri yumşaltmaq üçün bu kifayət etmir. Tehran bu qadağanı daha əvvəl tətbiq edə bilərdi. İran rəsmiləri, diplomatları və deputatları Azərbaycanla bağlı davranışlarını dəyişməli, daxili işlərimizə qarışmamalı, hansı dövlətlə tərəfdaşlıq etmək barədə bizə məsləhət verməməlidirlər. İranın Yollar və Nəqliyyat Agentliyinin qərarı ilə paralel Azərbaycanla bağlı ritorika da dəyişərsə, o zaman yenidən iki dövlət arasında münasibətləri normal məcraya salmaq mümkündür”.
Məhəmmədəli QƏRİBLİ