“Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək”. Bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Ölkə başçısının sözlərinə görə, indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır: “Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək. Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu tikilir, avtomobil yolu – Horadiz-Ağbənd tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”.
Görünən odur ki, Zəngilanın böyük iqtisadi perspektivi var. Həyata keçirilən layihələr sayəsində Zəngilan Şərqi Zəngəzurun logistika mərkəzinə çevriləcək.
“Bu, yalnız Şərqi Zəngəzurun deyil, eyni zamanda Azərbaycanın qeyri-neft ixrac imkanlarının artırılması anlamına gəlir”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, Zəngilanın kifayət qədər böyük iqtisadi potensialı var: “Zəngilan öz logistik imkanları ilə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bu da Zəngilanın Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə çıxış imkanlarının yaradılması deməkdir. Bütün bunlar rayonu bölgənin logistik habına çevirəcək. Çünki Horadizlə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir.Yolboyu texnika və avadanlıqlar intensiv işləyir. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlər sürətlənir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Zəngilanda da sənaye və aqrar məhsulların istehsalı təşkil olunacaq. Həmin məhsulların nəqliyyat vasitələri ilə daha tez və vaxtında daşınması üçün imkanlar olacaq. Yəni istehsal olunan məhsulları daha böyük və geniş bazarlara çıxarmaq imkanı olacaq. Logistika mərkəzi Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşmasına xüsusi töhfə verəcək. Bu, yalnız Şərqi Zəngəzurun deyil, eyni zamanda Azərbaycanın qeyri-neft ixrac imkanlarının artırılması anlamına gəlir. Bu baxımdan sözügedən regionda nəqliyyat və logistik şəbəkənin inkişaf etməsi, Zəngilanın haba çevrilməsi həm də bütövlükdə Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından əhəmiyyətli hesab olunur”.
Bir sözlə, millət vəkili hesab edir ki, Zəngilanda həyata keçirilən müxtəlif layihələr Şərqi Zəngəzurun iqtisadi inkişafına ciddi təkan verəcək.
Vidadi ORDAHALLI