“İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək". Bunu Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı deyib: “Bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci ağıllı kənd layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.
Qayıdış prosesinin Zəngilan rayonundan başlamasının tarixi, siyasi, rəmzi mənası nədir?
“Prezident İlham Əliyevin Zəngilanda verdiyi bəyanatları həm də mühüm simvol, regional güc amili kimi qiymətləndirə bilərik”
Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə etdiyi davamlı səfərləri və orada səsləndirdiyi mühüm bəyanatlar bütövlükdə dünyaya göndərilən siyasi mesajlardır və bu mesajların hər birində daha əvvəllər verilən vədlərə əməl olunması, eləcə də qətiyyət və iradə faktoru dayanmaqdadır: “Dövlət başçımızın Zəngilana etdiyi səfər və oradan səsləndirdiyi bəyanatlar da özündə bir neçə mühüm aspekti ehtiva etməkdədir. Bu, ilk olaraq zəngilanlı qaçqınların bir qisminin ən tezi ilin sonuna və ya gələn ilin əvvəlinə öz yurdlarına qayıdacaqları ilə bağlı qərarın verilməsidir. Bildiyimiz kimi, artıq Zəngilanın Ağalı kəndində ölkəmizdə ilk dəfə olaraq ağıllı kənd sosial infrastrukturu və mərkəzi yaradılır. Belə bir layihə prosesinin qısa müddətdə, hətta deyərdim ki, ildırım sürətilə gerçəkləşdirilməsinin özü çox mühüm bir hadisədir.
Digər tərəfdən, həmin proseslərin məhz Zəngilanda reallaşdırılması coğrafi cəhətdən geosiyasi mövqeyimizi də beynəlxalq aləmə ismarıc qismində yollayır. Bu regionumuz həm İranla, həm də Ermənistanla həmsərhəd ərazilərdə yerləşdiyinə görə orada iqtisadi fəallığın da artırılması şərtə çevrilib. Əbəs deyil ki, bir çox dost ölkələrin müxtəlif təyinatlı şirkətləri artıq Zəngilanla bağlı layihələrini, plan-tərtiblərini təqdim edir, biznesin inkişafı yönündə əməkdaşlıq niyyətində olduqlarını bildirirlər”.
R.Rəsulovun fikrincə, təbii ki, bütün bunlardan yararlanan əsas tərəf məhz Azərbaycan dövləti və xalqı olacaq. “Qaldı ki, dövlət başçımızın Zəngilana səfərinin simvolik tərəfinə, artıq o da məlumdur ki, Zəngəzur dəhlizinin mühüm hissəsi, hətta başlanğıcı məhz bu regionumuzdur. Əbəs deyil ki, Prezident İlham Əliyev səfəri zamanı etdiyi çıxışında sözügedən məsələ ilə bağlı planların bizim, yəni Azərbaycanın maraqlarından inkişaf etdiyini vurğuladı. Bu o demək idi ki, 44 günlük müharibədən sonra Ermənistanın Zəngəzur nəqliyyat dəhlizinin açılması və kommunikasiyaların istifadəyə verilməsi ilə bağlı imzalanmış üçtərəfli bəyanatın bəndlərinə əməl etməmək cəhdləri puça çıxır və dəhliz planı artıq realizə olunmaq mərhələsindədir. Həmçinin, MDB-nin sonuncu sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın da bu yöndə çıxışı belə qənaətə gəlməyə zəmin yaradır ki, İrəvanın ciddi-cəhdlə yaxasını kənara çəkməsi onun üçün nəticəsiz qalıb. Bu baxımdan analiz edərsək, Prezident İlham Əliyevin Zəngilanda verdiyi bəyanatları həm də mühüm simvol, regional güc amili kimi qiymətləndirə bilərik. Bu, həm də o deməkdir ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti qarşıya qoyulan istənilən məqsədə nail olmaq gücündə və qüdrətindədir” - deyə R.Rəsulov vurğuladı.
İradə SARIYEVA