5 erməni diversantı niyə qaytardıq? Onlar üçün niyə Rüstəm Muradov gəlmişdi?..

Azərbaycan Ermənistana 5 “erməni əsiri” geri qaytardı. Qaytarılan şəxslərin artıq adları açıqlanıb. Bunlar Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Soqomonyandır.
Onların qaytarılmasında isə olduqca maraqlı məqamlar var. Qaytarılanlar, bundan öncəkilərdən fərqli olaraq, yüngül cinayət edən və 6 ay cəza alanlar, yaxud sərhədi səhvən keçənlər deyil. Bu şəxslər konkret cinayət əməlinə görə ittiham olunublar və bir neçə il müddətinə azadlıqdan məhrum ediliblər.
Diversantların verilməsi zamanı yenə də Rüstəm Muradovun birbaşa iştirakını görürük. Maraqlıdır, Rüstəm Muradov artıq bir aydan çoxdur ki, sülhməramlıların komandanı deyil. Hətta ondan sonra Mixail Kosobokov təyin edilmişdi, 2 həftədən sonra Kosobokovu Gennadi Anaşkin əvəz etdi.
R.Muradovdan sonra, az müddət olsa belə, iki komandan dəyişib. Amma terrorçuların qaytarılmasına yenə Rüstəm Muradov rəhbərlik etdi. Niyə bu terrorçuların təhvil verilməsi prosesinə Rüstəm Muradov rəhbərlik edib və onlar nəyin əvəzində Ermənistana verilib?
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bundan əvvəl də diversantların iki dəfə Ermənistana verilməsi prosesi baş tutub: “Qeyd edim ki, Ermınistan beynəlxalq ictimai rəydə onlarla hərbi əsir adı ilə manipulyasiya edir. Halbuki, onlar hərbi əsir sayılmır. Çünki müharibə başa çatan kimi Ermənistanla aramızda hərbi əsirlərin hamının-hamıya prinsipi üzərində mübadiləsi həyata keçirildi. Bundan əvvəl baş tutan prosesin birində Rüstəm Muradov iştirak edib. Digər proses isə Gürcüstanın vasitəçiliyi ilə baş tutub. Hər ikisində Ermənistan terroristlərin geri verilməsinin müqabilində minalanmış ərazilərin xəritələrini bizə təqdim etdi. Bir sözlə, Ermənistan üzərinə götürdüyü humanitar öhdəliyi alver predmetinə çevirərək, ondan şantaj vasitəsi kimi istifadə edir. Bunun müqabilində terror əməllərinə görə saxlanılan vətəndaşlarının azad edilmısi tələbini irəli sürür. Çox təəssüflər olsun ki, dünya birliyi bu amilə görə Ermənistana təzyiq etmir. Ola bilər ki, budəfəki prosesdə Ermənistanın üzərinə daha ciddi öhdəlik qoyulub. Məsələn, Qarabağdakı erməni terrorçuların çıxarılması, dəhlizin açılması kimi öhdəliklərdən söhbət gedə bilər. Məlumdur ki, yaxın günlərdə baş nazir müavinlərinin Moskvada görüşü nızərdə tutulur. Görüşün daha səmərəli olması üçün belə bir addımın atılması mümkündür. Bu prosesin arxasında ciddi razılaşma olmasaydı, terrorçuların təhvil verilmısi kimi prosesi Rüstəm Muradova tapşırmazdılar. Çünki bu əməliyyatı sülhməramlıların indiki rəhbərliyi də həyata keçirə bilərdi. Rüstəm Muradov prosesə yaxşı bələd olduğu və tərəflərlə yaxından təmasda olduğu səbəbindən, həm də qarantor rolunda çıxış edib. Bununla həm də sübut olunur ki, Ermənistan belə məsələlərdə əsas söz sahibi deyil. Rusiya necə istəyirsə, onlar da elə addım atırlar. Mina xəritələrini verməklə bağlı da Ermənistan səmimi davranmır. Prezident çıxışlarından birində dedi ki, təqdim olunan xəritələrlə bağlı dəqiqlik azdır. Deməli, Ermənistan bu prosesi də sabotaj etməkdən çəkinmir. Bu səbəbdən də, Rusiya prosesi özünün daha çox etibar etdiyi generala tapşırıb”.
Məhəmmədəli QƏRİBLİ