18 oktyabr tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov yerli “O mundo diplomatico” informasiya agentliyinə Müstəqilliyin Bərpası Günü ilə əlaqədar müsahibə verib.
Müsahibədə ölkəmizin 30 il öncə iqtisadi və siyasi böhran, erməni işğalı və süverenliyimizi itirmək təhlükəsi ilə başlayan tarix və ümummilli lider Heydər Əliyevin xalq tərəfındən hakimiyyətə dəvət olunduqdan sonra bütün bunlara son qoyulması, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun liderinə çevrildiyi bildirilib.
44 günlük müharibə zamanı Azərbaycanın qəhrəman əsgərlərinin Ali Baş Komandanın rəhbərliyi altında otuz il davam edən erməni işğalına son qoyması da xüsusi vurğulanıb.
Müsahibə çərçivəsində, həmçinin, 2012-ci ildən Braziliyada fəaliyyət göstərən Səfirliyimizin fəaliyyətindən də söhbət açılıb. Səfir E.Poluxov bildirib ki, gələn il Səfirliyin fəaliyyətinin on illiyi tamam olacaq və bu müddət ərzində ənənəvi iki və çoxtərəfli diplomatiyadan savayı elm, mədəniyyət, idman, parlamentlərarası münasibətlər və bir çox digər sahələrdə işlər aparılmış və aparılmaqdadır. Qeyd olunub ki, artıq ənənəyə çevrilmiş hər il İRS jurnalının portuqal buraxılışı işıq üzü görür və jurnalda həm Azərbaycan, həm də Braziliyalı müəlliflərin məqalələri yer tapır. Həmçinin bu il dahi Nizami Gəncəvinin əsərlərinin biri tarixdə ilk dəfə olaraq portuqal dilinə tərcümə olunaraq dərc olunacaq və bu da xalqlarımızı mədəniyyət sahəsində daha da yaxınlaşdıran mühüm hadisəyə çevriləcək.
Həmçinin E.Poluxov iqtisadi sahədə inkişafda olan əlaqələrdən söz açaraq, Braziliyanın aparıcı şirkətlərini ölkəmizə dəvət edib və işğaldan azad olunmuş ərazilərdə mövcud yeni biznes imkanlarından danışıb. Sonra səfir bir daha agentliyin rəhbərliyinə bayram münasibətilə təbriklərə görə minnətdarlığını bildirərək xalqlarımıza uğur və inkişaf arzulayıb.