Azərbaycan bərpa işlərini də şərəfi ilə aparacaq - ağız açmadan, borc istəmədən...

Əli Əlirzayev: “Bərpa işlərinin Azərbaycanın öz imkanları hesabına həyata keçirilməsi bizim xeyrimizədir”

img

“Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”. Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Ölkə başçısının sözlərinə görə, azad edilən ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir: “Bu artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik. Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq - texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları. Hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik”.

Görünən odur ki, azad edilən ərazilərdə dağıntıların miqyası böyük olsa da, bütün bərpa işlərini Azərbaycan öz imkanları hesabına həyata keçirəcək. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?

  • “İnfrastruktur qurulandan sonra ayrı-ayrı sahibkarlar da sözügedən işə töhfə verəcəklər”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı alim, professor Əli Əlirzayev hesab edir ki, Azərbaycanın bərpa işlərini öz imkanları hesabına etmək üçün yetərincə potensialı var: “Bizim bununla bağlı yetərincə resurslarımız var. İstər Neft Fondunda, isdətsə də digər sahələrdə vəsaitlərimiz var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın başqa ölkələrə sərmayə qoymaq təcrübəsi var. Həmin sərmayələri başqa ölkələrin iqtisadiyyatına qoymaqdansa, elə ərazilərin bərpa edilməsinə yönəltməq daha məqsədəuyğun olar. Bu zaman ərazilərin bərpası ilə yanaşı, həm yeni iş yerləri açılar, həm də gəlirimiz özümüzə qalar. Əgər bərpa işləri xarici kreditlər hesabına olsaydı, o zaman gərək biz müəyyən müddətdən sonra həmin vəsaitləri geri qaytaraq. Bu zaman dövlətin yükü xeyli artacaq. Ona görə də bərpa işlərinin Azərbaycanın öz imkanları hesabına həyata keçirilməsi bizim xeyrimizədir. Bu həm də bərpa işlərinə səfərbər olmaqla bağlı bir çağırış deməkdir. Yəni bu o deməkdir ki, infrastruktur qurulandan sonra ayrı-ayrı sahibkarlar da sözügedən işə töhvə verəcəklər. Sahibkarlar da bu işdə fəallığı, təşəbbüskarlığı artırmalıdır. Ona görə də bərpa işləri kompleks şəkildə qurulmalıdır. Bununla bağlı resurslardan maksimum səmərəli istifadə edilməlidir. Hər bir rayonun özünəməxsus imkanları nəzərə alınmalıdır”.

Professor onu da qeyd etdi ki, bütün bunlar Azərbaycanın öz imkanlarına inamından irəli gəlir.

Vidadi ORDAHALLI  

Son xəbərlər