Prezident Azərbaycanın milli ləyaqət naminə qeyri-bərabər döyüşlərə də hazırlığını bəyan etdi...

Vüqar Rəhimzadə: “Ötən illər ərzində dövlətimiz əhəmiyyətli dərəcədə möhkəmlənib və güclənib”

img

“Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar”. Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Ölkə başçısı deyib ki, heç kəs Azərbaycanla hədə dilində danışa bilməz: “Əsas vəzifəmiz, - əlbəttə, torpaqlarımızın qurulması, bərpası öz yerində, - gəncləri bu vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, onda bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz. Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin. Bizi hədələməyə çalışanlar indi haradadırlar, hər kəs bilir. Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır. Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz”.

Belə məlum olur ki, hələ də bəzi dairələr Azərbaycana təzyiq yolu ilə nəyəsə nail olacaqlarına ümid edirlər. Halbuki, bu heç vaxt mümkün olmayacaq.

  • “Müharibədən qalib çıxmış ölkə ilə təhdid tonunda danışmaq sadəcə ağılsızlıqdır”

Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, bundan sonra hansısa təzyiqlərin edilməsi praktiki baxımdan mümkün deyil: “Çünki Azərbaycan müstəqil siyasət yürüdür. Artıq Azərbaycan 20 il əvvəlki dövlət deyil. Ötən illər ərzində dövlətimiz əhəmiyyətli dərəcədə möhkəmlənib və güclənib. Belə olan halda Azərbaycanla təzyiq dilində danışmaq qeyri-realdır. Çünki bizim dövlətin regionda və dünya siyasətində öz rolu var. Azərbaycan azsaylı ölkələrdəndir ki, hansısa dövlətin təsiri altında deyil, tam müstəqil siyasət yürüdür. Bu səbəbdən Azərbaycanla təhdid dilində danışmaq istəyənlər fiasko ilə üzləşəcəklər. Müharibədən qalib çıxmış ölkə ilə təhdid tonunda danışmaq sadəcə ağılsızlıqdır. Bunu bütün xarici dairələr bilməlidir. Söhbət Azərbaycanı sevməyən, ölkənin dinamik və dayanıqlı inkişafından narahat olan dairələrdən gedir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın nüfuzu dünya siyasi arenasında əhəmiyyətli dərəcədə möhkəmlənib. Azərbaycan bəzi beynəlxalq qurumların keçirdiyi tədbirlərə, gündəliyə çıxarılan məsələlərə yön verir. Azərbaycan böyük iqtisadi layihələrin lokomotivi qismində çıxış edir. Bu layihələr təkcə region üçün deyil, dünya üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan bundan sonra da öz gücü hesabına ləyaqətlə öz müstəqilliyini qoruyacaq”.

V.Rəhimzadə hesab edir ki, heç bir qüvvə Azərbaycanla təhdid dilində danışa bilməz.

Vidadi ORDAHALLI

Son xəbərlər