Ermənistan parlamentində hakimiyyəti yenə də satqınçılıqda günahlandıran çıxışlar edilir. Parlamentdəki “Ermənistan” fraksiyasının üzvü Anna Qriqoryan bildirib ki, hakimiyyət Qafanda yeni güzəştlərə getməyə hazırlaşır.
Bunu sülh tərəfdarlarının qorxaqlığı kimi xarakterizə edən deputat qeyd edib ki, yerli özünüidarəetmə qurumlarına keçiriləcək seçkilər ərəfəsində hakimiyyət özünün konstruktiv dostları ilə əməkdaşlığa gedərək, Qafandakı Pela dağını tam olaraq Azərbaycana güzəştə gedir: “Strateji əhəmiyyət daşıyan həmin dağın Azərbaycanın əlində olması ətrafdakı erməni kəndlərinin təhlükısizliyi üçün ciddi problemlər yaradır.
Qeyd edək ki, Ermənistanda real vəziyyətlə barışmayanların sayı günü-gündən artır. Erməni politoloq Ara Vardanyan “Facebook” səhifəsindən yazıb ki, artıq Qarabağ məsələsi yoxdur: “Zəngəzur məsələsi, Basarkeçər məsələsi var, Qarabağ məsələsi isə yoxdur...”.
O qeyd edib ki, Qarabağda pulu israf edirlər, ermənilərin əksəriyyəti də vəziyyətlə barışıb. Pulları toplayacaqlar və gedəcəklər. Bəs qalıb nə etsinlər? Ermənistanda da eyni şeydir, əksəriyyət tüpürüb.
Sonra da deyirsiniz ki, necə dənizdən dənizə Ermənistan dağdan dağa oldu. Hələ haradasınız, budur, koldan kola çevrilirik.
“Günahkar rusdur”, “günahkar amerikalılardır” deyənlər, bir debil də sizsiniz. Günahkar yalnız bizik”.
Çox maraqlıdır, ermənilərin ətrafında səs-küy saldıqları Pela dağı hansı əhəmiyyətə malikdir və hazırda orada vəziyyət necədir?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, söhbət Qafanla Azərbaycan sərhədində yerləşən Ağdağ yüksəkliyindən gedir: “Ermənilər həmin dağa Pela deyir. Ermənistandakı narahatlıq əbəs yerə deyil. Hazırda həmin dağ ordumuzun nəzarətinə keçib.
Bu, sərhədlərin delimitasiyası və demarkasiyası sayəsində mümkün olub.
Qeyd edək ki, Ermənistan mətbuatında da bu yüksəkliyin Azərbaycana təhvil veriləcəyi ilə bağlı məlumatlar yayımlanırdı. Ancaq vəziyyət heç də ermənilərin ifadə etdiyi kimi deyil. Biz oranı ermənilərin əlindən alıb, yeni ərazi kimi zəbt etməmişik. Sərhədlərdə aparılan dəqiqləşdirmə nəticəsində bu baş verib. Biz hazırda öz sərhədlərimizin hər qarışına sahib çıxırıq. SSRİ dağılandan sonra həmin ərazilərdə dəqiqləşmə aparılmayıb. Hazırda bu baş verir və biz erməniləri geri çəkilməyə məcbur edirik. Ancaq təəssüf ki, ermənilər bu addımları bizim güya onların ərazisinə keçib yeni ərazilər zəbt etdiyimiz kimi qələmə verirlər. Ermənistan Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya prosesinə başlamağa hazır olduğunu ən ali səviyyədə bəyan edib. Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu fikri deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiyanın və digər beynəlxalq tərəfdaşlarının dəstəyi ilə Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır.
O həmçinin qeyd edib ki, bu prosesin həyata keçiriləcəyi mühit də çox önəmlidir. Görünür, revanşist qüvvələrə bu proses sərf etmədiyi üçün vəziyyəti Ermənistan cəmiyyətinə yanlış təqdimatla çatdırırlar”.
Məhəmmədəli QƏRİBLİ