“Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi”. Bu fikirləri Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Ölkə başçısının sözlərinə görə, şəhər azad ediləndən sonra digər ərazilərin azad olunması tezləşdi: “Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır. Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan üç gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi”.
Görünən odur ki, Füzuli şəhərinin azad olunması cənub istiqamətində digər rayonların azad olunmasında həlledici rol oynayıb. Maraqlıdır, bəs hərbi ekspertlər bu baxımdan Füzuli şəhərinin azad olunmasının əhəmiyyətini necə dəyərləndirir?
“Bütün bunlar müharibənin taleyinin həllində vacib rol oynadı”
Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadə hesab edir ki, Füzuli şəhəri azad olunmadan digər şəhərlərin azad edilməsi çətin olacaqdı: “Düzdür, azad olunan hər bir rayonun hərbi baxımdan strateji əhəmiyyəti var idi. Ancaq cənub cəhbəsinsə həlledici kilid məntəqə Hadrut idi. Hadrut azad ediləndən sonra Füzuli şəhərinin azad olunması tezləşdi. Ondan sonra digər rayonların azad olunmasına yol açıldı. Özü də nəzərə almaq lazım idi ki, biz Birinci Qarabağ müharibəsində Hadrutu azad edə bilmədik. Bu da sonrakı dövrdə ermənilərin üstünlük qazanmasına şərait yaratdı. Hadrutdan sonra Fizuli şəhəri azad edilməsəydi, biz döyüşü davam etdirə bilməzdik. Çünki bu zaman cənub istiqamətində qüvvələrimiz mühasirəyə düşə bilərdi. Bu baxımdan Füzuli şəhərinin işğaldan azad edilməsi Zəngilan və Qubadlı istiqamətində ordumuzun sürətlə irəliləməsini təmin etdi. Bir sözlə, Hadrut və Füzulinin azad edilməsi praktiki olaraq Şuşaya, Zəngilana, Qubadlıya və Laçına yol açdı. Bütün bunlar müharibənin taleyinin həllində vacib rol oynadı. Ona görə də sözügedən məntəqələrin azad edilməsi mühüm əhəmiyyətə malikdir”.
Hərbi ekspert onu da qeyd etdi ki, bütün bunlardan sonra düşmənin məğlub olması qaçılmaz idi.
Vidadi ORDAHALLI