Azərbaycanın talan edilmiş sərvətlərinin İrana daşındığı ilk dəfə rəsmi səviyyədə bəyan edildi...

Əli Orucov: “Bununla İrana göstərildi ki, hamı rəsmi Tehranın əsil simasından xəbərdardır”

img

“Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb”. Bunu Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Ölkə başçısının sözlərinə görə, Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb: “Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Burada diqqəti çəkən məqam odur ki, talanan sərvətlərin İrana daşınması ilk dəfə rəsmi səviyyədə bəyan edildi. Zatən işğal dövründə evlərin sökülməsində İran şirkətlərinin yaxından iştirak etməsi bəlli idi. Bundan başqa, evlərin talan edilməsi nəticəsində ələ keçirilən məişət əşyaları məhz İranda satılırdı.

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, İranın işğal dövründə bu və ya digər formada Qarabağın talan edilməsində iştirak etməsinin rəsmi səviyyədə bəyan olunması müsbət haldır: “Bununla İrana göstərildi ki, hamı rəsmi Tehranın əsil simasından xəbərdardır. Məsələ ondadır ki, 1993-cü ilin avqustunda Cəbrayıl və Füzuli rayonları işğal edildi. Ancaq sözügedən rayonların İranla sərhəd olan Arazboyu əraziləri bizim nəzarətimizdə idi. Erməni işğalçıları iki ay sonra həmin əraziləri və Zəngilan rayonunu işğal edərək İranla olan sərhəddə çıxdılar. Maraqlıdır ki, indi hələ müzakirə mövzusu olan Zəngəzur dəhlizinə görə narahat olan və sərhəddə hərbi təlimlər keçirən İran o vaxt işğala mane olmadı. Nəinki mane olmadı, heç buna görə narahat da olmadı. Təm əminliklə deyirəm ki, İranın razılığı olmasaydı Ermənistan Arazboyu əraziləri işğal etməyə cəsarət etməzdi. Bunun üçün sadəcə bir balaca o vaxt İranın etiraz etməsi lazım idi. O vaxt İran nəinki buna etiraz etdi, əksinə Ermənistanın hərbi texnikasının yanacaqla təmin olunmasına yardım etdi. Bütün bunlar yaxın tarixdə baş verdiyi üçün hər şeyi yaxşı bilirik. Ondan sonra da İran tərəfi işğal edilmiş yaşayış məntəqələrinin talan edilməsində, nəzarətsiz qalan sərhədlərdən öz çirkin məqsədləri üçün istifadə edilməsində fəal iştirak etdi. Şiə təəssübkeşliyindən danışan və bundan bir siyasi alət kimi istifadə edən Fars rejimi “nədənsə” erməni vandalizminə etiraz etmədi”.

Partiya funksioneri hesab edir ki, bütün bunların rəsmi səviyyədə açıq şəkildə dünyaya bəyan edilməsi müsbət haldır.

Vidadi ORDAHALLI

Son xəbərlər