Azərbaycanla gərginliyi günbəgün artırmaq İranın hansı maraqlarına uyğundur?..

Əhəd Məmmədli: “İran müstəqil Azərbaycanı özünə təhlükə görür”

img

Azərbaycanla həmsərhəd İran bölgəsində Gorus-Qafan yolu ilə bağlı mübahisələrin ardınca başlayan hərbi təlimlər Bakı ilə Tehran arasında münasibətləri gərginləşdirib.

Üzdən sabit görünsə də, əslində İranla Azərbaycan arasında pərdə arxasında hər zaman qarşılıqlı narazılıqlar olub və bəzi dönəmlərdə üzə çıxıb. İllərdir ki, Bakıda Tehranın Ermənistanla əlaqələri və onun İran azərbaycanlılarına qarşı rəftarı qeyri-rəsmi qınaqlara səbəb olub. Azərbaycan həmçinin İranın ölkəyə mümkün ''İslam İnqilabı ixrac etmə ambisiyalarından'' narahat olub. Tehranda isə Azərbaycanın İranın içərisindəki milyonlarla azərbaycanlılara təsir imkanları, eyni zamanda İsrailin Azərbaycanda artan mövcudluğundan narahat olublar.

Hesab olunur ki, Azərbaycan illərdir ki, İsraildə səfirliyini məhz "İran amilinə" görə açmayıb. Tehranda Azərbaycanı İsrail və ABŞ-la əməkdaşlığa görə tənqid edirlər. Buna rəğmən indiyədək İran və Azərbaycan güzəştə getməyi bacarıblar və narazılıqlar üzə çıxsa da bu qədər sərt şəkil almayıb. Görünən budur ki, İran Azərbaycanla münasibətlərin düzəlməsində deyil, daha da gərginləşməsi istiqamətində addımlar atmaqda davam edir. Azərbaycanla gərginliyi günbəgün artırmaq İranın hansı maraqlarına uyğundur?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, işğal faktorunun ötən ilin sonunda aradan qalxmasından sonra Azərbaycan qonşu İranı regiondakı yeni geosiyasi və geoiqtisadi layihələrdə iştiraka dəvət edib: “İranın son illər düşdüyü qlobal siyasi-iqtisadi durumu nəzərə alsaq, Azərbaycan tərəfindən bu ölkəyə edilən təkliflər eyni zamanda şimal sərhədlərindəki sabitlik məntiqi ilə yanaşsaq, Tehranın dövlət maraqlarına cavab verməli idi. Lakin görünür İran bölgədə Azərbaycanın güclənən varlığını həzm etmək istəmir. Hərçənd, güclü və inkişaf etmiş, ərazi bütövlüyünü təmin etmiş Azərbaycan İranın şimal sərhədləri üçün iqtisadi inkişaf, dövlət təhlükəsizliyi üçün isə sabitlik deməkdir. Tehran rejimi “burnunun ucunda” müstəqil Azərbaycan dövlətinin olmasını özü üçün təhlükə hesab edir. Tehran Şimali və Cənubi Azərbaycan əlaqələrini düşmənçilik həddinə çatdırmağa cəhd edir. İranda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin hüquqlarının pozulması da münasibətlərə təsir etməyə bilməz. İran müstəqil Azərbaycanı özünə təhlükə görür. Əslində Şimali Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran üçün bu təhlükə daim gündəmdə olub. Lakin beynəlxalq təcrid, Qərb tərəfindən düşmən obrazında təqdimat, İranı Azərbaycanla münasibətləri düzəltməyə vadar edib. 44 günlük müharibədən sonra İranın davranışları göstərir ki, onlara güclü yox, zəif Azərbaycan sərf edir. Azərbaycana bu cür təzyiqlərlə, bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Ən əsası isə bizimlə Türkiyənin münasibətlərini gərginləşdirməkdə maraqlıdırlar. Çünki Türkiyənin bölgədə artan nüfuzu onlara sərf etmir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər