Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bu terror-təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.
Minskdə Rusiya Federasiyasının vasitəçiliyilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribat sayıla bilərmi?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin bu əməlinin hərbi-siyasi məsədlərə hesablanmış təxribat olması heç bir şübhə doğurmur:
“Paşinyanın atdığı addımların təhlili göstərir ki, o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, sərhədlərin demarkasiya və delimitasiyasının tərəfdarıdır. Onun və Ermənistanın digər rəsmi şəxslərinin Moskvaya davamlı səfərləri də bunun nümayişidir. Deməli, Azərbaycanla Ermənistan arasında gərginliyin artmasını istəyən, dəhlizin açılmasını əngəlləməyə çalışan, sərhədlərin demarkasiya və delimitasiya prosesini ləngitmək istəyən qüvvələr var. Ermənistandakı revanşist qüvvələr bunu istəmir.
Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Belarusun paytaxtı Minskdə görüşü baş tutdu. Bu görüş Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesini sürətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Belə bir gərgin situasiyada iki ölkənin baş diplomatlarının görüşü 10 noyabr üçtərəfli razılaşmasının bəndlərinin yerinə yetirilməsinin vacibliyini bir daha önə çəkirdi. Görüşdə sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də nəqliyyat-kommunikasiya məsələlərinin vacibliyi də müzakirə olunub. Görünür, bu cür təxribatlarla iki ölkə arasında normal münasibətlərin qurulmasını, üçtərəfli razılaşmanın müddəalarının icrasını və sülh müqaviləsinin imzalanmasını tormozlamağa çalışırlar.
Məhz belə bir ərəfədə Azərbaycan ordusunun hərbi qulluqçusunun vurulması Ermənistandakı qisasçı qüvvələrin ölkəmizə qarşı hazırladığı mənfur planların tərkib hissəsidir. İranın sərhəddə keçirdiyi hərbi təlimlərlə hərbi qulluqçumuzun şəhid edilməsi eyni paraleldə təhlil edilməlidir. Məqsəd Azərbaycanı daha böyük provokasiyaya çəkmək, koridorun açılması, sərhədlərin delimitasiya, demarkasiya prosesini ləngitmək və iki ölkə arasındakı sülh müqaviləsinin imzalanmasına aparan görüşlərin əhəmiyyətini azaltımaqdır.
Bu hal, eyni zamanda, Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar atılmalıdır”.
Məhəmmədəli QƏRİBLİ