Son günlərdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artması müşahidə edilir. Belə ki, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.
Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib. Rəsmi Bakı artıq bəyan edib ki, azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir. Bu insidentin araşdırılması üçün Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib. Bu hadisənin ardınca oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə ermənilər havaya kvadrakopter qaldırıb. Lakin Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib. Yenə həmin gün Qarabağdakı qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Belə ki, erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib. Müdafiə Nazirliyi bildirir ki, Minskdə Rusiyanın vasitəçiliyilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır: “Bu hal, eyni zamanda, Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək”.
Bununla yanaşı, yenə oktyabrın 14-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı arasında əlbəyaxa savaş çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. Məlumata görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Onu da qeyd edək ki, baş vermiş hadisəyə Azərbaycan ordusunun heç bir aidiyyəti yoxdur. Məsələ ilə bağlı erməni tərəfi də məlumat yayıb. Məlumatda hadisənin keçmiş Ağdərə rayonu ərazisində baş verdiyi, nəticədə ən azı 6 erməni əsgərin yaralandığı bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır. Erməni “teleqram” kanallarında isə atışma nəticəsində ölənlərin də olduğu bildirilib. Ermənistan Müdafiə Nazirliyi guya ermənilərin Azərbaycan ordusunun atəşi nəticəsində yaralandığını iddia edib. Qeyd edək ki, Ermənistanın ombudsmanı Arman Tatoyan da Xocavənd rayonunun Yenikənd ərazisi yaxınlığında 2 erməninin öldürüldüyünü və 6 nəfərin yaralı olduğunu təsdiq edib. O bildirib ki, döyüşlər Əsgəran qalası yaxınlığındakı postlar istiqamətində baş verib, təcili yardım maşınları yaralıları xəstəxanaya çatdırıb. Lakin ermənilərin iddialarına rəğmən, onların ölməsinə və yaralanmasına səbəb öz aralarında baş verən insidentdir. Məsələnin maraq doğuran tərəfi odur ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin davam edən belə təxribatları artıq antiterror əməliyyatlarını aktuallaşdırır. Çünki 10 noyabr üçtərəfli bəyanatının tələblərinə zidd olaraq, Qarabağda hələ də qanunsuz erməni hərbi birləşmələri qalmaqdadır. Bu isə həm suverenliyimiz və ərazi bütövlüyümüzə, həm də regional sülhə təhdiddir. Qarabağda qalan qanunsuz erməni hərbi birləşmələrinin son addımları da bunu təsdiq edir. Moskvanın vasitəçiliyilə müharibənin bitməsini şərtləndirən iki bəyanatın qəbul olunmasına baxmayaraq, toqquşmalar və gərglinliklər davam edir. Azərbaycan cəmiyyəti ordunun Laçın dəhlizini nəzarət altına almasını və Qarabağdakı separatçıların tərksilahını tələb edir. Ermənilərin artan təxribatları isə bu prosesi sürətləndirməyi zərurətə çevirir.
Samirə SƏFƏROVA