Prezident İlham Əliyev “La Repubblica” qəzetinə müsahibəsində jurnalistin “İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsi nəzərdə tutulurmu və ya İtaliya artıq bu işlərdə iştirak edirmi” sualını cavablandırarkən qeyd etdi ki, İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir:
“İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu təsadüfi deyil. Bu bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.
İtaliya Avropa İttifaqında iqtisadi gücünə görə 3-cü ölkədir. Belə bir ölkənin bərpa prosesinə qoşulması və bu işdə fəal iştirak etməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“Bu o deməkdir ki, bərpa prosesində yeni texnologiyalarla iştirak edəcək”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, İtaliya kimi inkişaf etmiş ölkənin işğaldan azad edilən rayonlarda yenidənqurma işlərinə fəal şəkildə qoşulması mühüm əhəmiyyət kəsb edir: “Əvvəla, İtaliya Azərbaycanın strateji müttəfiqlərindən biridir. Eyni zamanda, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyəsi 6 milyard dollar civarındadər. Bununla belə, İtaliya Azərbaycana ixracatda ən böyük tərəfdaşdır. İki ölkə arasında əməkdaşlıq və strateji münasibətlərin dərinləşməsi həm də İtaliyanın işğaldan azad olunan rayonlarda bərpa və yenidənqurma işlərində daha fəal şəkildə iştirakına zəmin yaratdı. İtaliya şirkətlərinin elektrik stansiyaların tikilməsində iştirakına dair razılıq əldə olunub. Həmçinin, İtaliyanın bərpa prosesində iştirakı həm də yeni innovasiyaların cəlb edilməsi baxımından vacibdir. Çünki İtaliya inkişaf etmiş ölkədir. Bu o deməkdir ki, bərpa prosesində yeni texnologiyalarla iştirak edəcək. Bununla belə, bərpa prosesindən sonra İtaliyadan daha çox investisiyanın gələcəyi güman olunur. Güman edilir ki, bu istiqamətdə də əməkdaşlıq güclənəcək. O baxımdan növbəti dövrlərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsi gözlənilir”.
Millət vəkili hesab edir ki, bütün bunlar Azərbaycanın xeyrinədir.
Vidadi ORDAHALLI