Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serjik Sarkisyana cinayət işi açıb. Ermıni KİV-nin verdiyi xəbərə görə, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub.
Cinayət işi Sarkisyanın 2008-2017-ci illərdə prezident təyyarəsi ilə hər hansı bir zərurət olmadan Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlıdır. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Hərçənd, qumarbaz Serjikin Baden-Badenə niyə getdiyini anlamaq çətin deyil.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyan üçüncü prezidenti korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittham edərək, onun Baden-Badendə kazinolarda 100 milyon dollara yaxın vəsait xərclədiyini bildirmişdi.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman Serj Sarkisyanın əsl cinayətkar mahiyyətini açan faktları sadalayıb. Prezident qeyd edib ki, bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb:
“Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır”.
Bu çıxışın üstündən heç bir həftə keçməmiş Serjikə qarşı cinayət işi qaldırıldı. Bu amil Prezidentimizin onun barəsində söylədiklərinin həm də öz ölkəsində təsdiqləndiyini tam sübut edirmi?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanda hakimiyyəti hərbi xunta ələ keçirdi: “Şərti adı “Qarabağ klanı” olan həmin qüvvələr əsasən müharibə amili üzərindən hakimiyyəti qəsb etməyi bacardılar. Robert Köçəryan, Serj Sarkisyan Ermənistana rəhbərlik etməzdən əvvəl Qarabağda müharibədə iştirak ediblər. Azərbaycan ərazilərinin işğal olunmasında onların birbaşa iştirakı olub. Məhz həmin müvəqqəti “qələbə” ab-havası onları hakimiyyətə gətirdi. Uzun illər Ermənistanda hakimiyyəti idarə edən həmin hərbi xunta ölkəni talamaqla məşğul olub. Nəticədə Paşinyan inqilab yolu ilə hakimiyyətə gəldi. Sonra müharibədə məğlub olsa da, xalq yenidən ona səs verdi. Bu amil Serj Sarkisyan kimilərdən Ermənistan cəmiyyətinin hansı səviyyədə bezdiyinə dəlalət edir. Bəli, Prezident Serjik barədə dəqiq məlumatları bölüşdü. Ermənistanda ona cinayət işinin açılması həmin faktların doğruluğunu tısdiqləmiş oldu. Sarkisyan bu cəza ilə günahını yuya bilməz. Çünki onun əli həm də Azərbaycan xalqının qanına batıb. Belə adam ən layiqli cəzanı müharibədə törətdiyi cinayət əməllərinə görə ala bilər. Əminəm ki, o gün də yetişəcək. Bir daha görünür ki, Ermənistanı uzun illər boyunca cinayətkarlar və qumarbazlar idarə edib. Lakin görünən o ki, Paşinyan hakimiyyəti bu faktdan həm də siyasi rəqiblərini sıradan çıxarmaq üçün istifadə edir. O üzdən buna heç də ədalət axtarışı prizmasından baxmaq olmaz”.
Məhəmmədəli QƏRİBLİ