Məlum olduğu kimi, oktyabrın 9-da Ermənistan mediasının Ağdərə ərazisində erməni traktorçu Aram Tepnansın, guya Azərbaycan Ordusunun snayperi tərəfindən öldürülməsi barədə yaydığı məlumat ermənilərə xas olan şər-böhtandan başqa bir şey deyil. Doğrudur, elə həmin gün Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən hayların yaydığı bu informasiyanın həqiqəti əks etdirmədiyi bildirilsə də, ermənilər bunun ətrafında manipulyasiya etməkdə davam edirlər.
İndi də belə məlumat yayıblar ki, guya traktorçunu vuran hərbçi yaxalanıb. Qeyd edilir ki, baş verən hadisənin araşdırılması Rusiya, Ermənistan və Azərbaycan prokurorluqlarının nümayəndələrindən ibarət xüsusi üçtərəfli komissiya tərəfindən aparılıb: “Birgə araşdırma zamanı Azərbaycan tərəfi mülki şəxsin ölümü ilə nəticələnən atəş açan hərbçini saxladı. Hazırda snayper barəsində istintaq hərəkətləri davam etdirilir. Həmçinin, bu təxribat səbəbindən bir neçə yüksək rütbəli Azərbaycan generalı bir anda işdən qovulmaq təhlükəsi ilə üzləşib”.
Görünən odur ki, erməni tərəfi yenə oyun oynayır. Snayper bu səbəbdən həbs olunsaydı, o zaman bununla bağlı rəsmi məlumat yayılardı. Belə bir məlumat yoxdur. Belə olan halda bu nə oyundur? Yenə kimi şərləmək istəyirlər?
“Belə dezinformasiyalar yaymaqda məqsəd rus sülhməramlılarının Qarabağda daimi qalmasına zəmin formalaşdırmaqdır”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ermənistan tərəfi məqsədyönlü şəkildə traktorçu Aram Tepnansın ətrafında şou yaradır: “Bunlardan nə desən gözləmək olar. İkinci Qarabağ müharibəsində davamlı olaraq belə yalanlar uydurdular ki, guya Suriyadan gələn terrorçular Azərbaycanda döyüşür. Ortaya fakt qoya bilmədikləri üçün pis vəziyyətdə qaldılar. Daha sonra “sübut” olaraq qondarma bir müsahibə təşkil etdilər. Guya həmin terrorçulardan biri döyüşlərdə əsir düşüb. Ancaq bu da nəyəsə yaramadı. Çünki elə ilk andan bəlli oldu ki, bu quramadır. Traktorçunu öldürən şəxsin yaxalanması ilə bağlı rəsmi məlumat yoxdur. Bu informasiyanı Ukraynada, Moldovada, Qarabağda separatçıları dəstəkləyən və onların mənafeyindən çıxış edən Varqonzo internet kanalı yayıb. Bu kanalın da necə qeyri-ciddi, yalançı bir kanal olması bizə yaxşı məlumdur. Çünki Semyon Peqovun timsalında biz bunu dəfələrlə görmüşük. Ermənilərin belə dezinformasiyalar yaymaqda məqsədi rus sülhməramlılarının Qarabağda daimi qalmasına zəmin formalaşdırmaqdır. Bütün oyunlar bunun üstündə qurulub. Eyni zamanda istəyirlər ki, Azərbaycan öz qüvvələrini 5 kilometr geri çəksin. O üzdən belə bir kampaniyaya start veriblər. Məqsəd Qarabağda rus sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını önləməkdir”.
Hərbi ekspert hesab edir ki, Ermənistan tərəfi bu kimi təxribatlarla öz planlarını reallaşdıra bilməyəcək.
Vidadi ORDAHALLI