“Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi: “Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər”.
Qeyd edək ki, BMT-də belə bir cəhd ötən il noyabrın 6-da baş verib. O zaman BMT 1993-cü ildə qəbul olunan 4 qətnaməni nəzərə almadan açıqlama versəydi, bu bizim əleyhimizə olardı. Məlum olur ki, Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək bunun qarşısını alıb. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?
“İngiltərə də bu məsələdə Azərbaycanın haqq işinə dəstək olub”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, həmin vaxt 7 ölkənin bizi dəstəkləməsi Azərbaycan üçün çox önəmli rol oynadı: “ATƏT-in Minsk Qrupu yarandığı gündən Azərbaycan Ordusunun Qarabağda uğur qazanmasından narahat olub. Hər zaman Azərbaycanın öz gücü ilə ərazilərini azad etməsinə mane olublar. Məsələn, 1992-ci ilin yayında ordumuz hücuma keçərək Ağdərəni və digər yaşayış məntəqələrini azad etdi. Hava xətti ilə Xankəndiyə daxil olmağa 11 kilometr qalmışdı. O zaman Minsk Qrupu tez məsələyə müdaxilə etdi və atəşkəsə nail oldu. Nəticədə ermənilər yenidən toparlanmağa vaxt əldə etdilər. Ondan sonra Azərbaycanın ard-arda uğursuzluqları başladı. Oxşar proses ötən ilin payızında da baş verə bilərdi, amma Prezident İlham Əliyevin qətiyyəti və 7 ölkənin BMT-də ortaya qoyduğu mövqe buna imkan vermədi. Həmsədr ölkələrin nümayəndələri Azərbaycan əleyhinə qətnamə qəbul etmək istəyirdilər. Bu o demək idi ki, qətnamə qəbul olunsaydı Azərbaycana siyasi təzyiqlər artacaqdı və nəticədə biz hücumu dayandırmalı olacaqdıq. Nəticədə biz 44 günlük müharibədə əldə etdiyimiz uğuru əldə edə bilməyəcəkdik. Bunun da qarşısının alınmasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan 7 ölkə - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent həlledici rol oynayıb. Burda biz Təhlükəsizlik Şurasının daimi üzvi olan Böyük Britaniyanın da rolunu qeyd etməliyik. Çünki İngiltərə də bu məsələdə Azərbaycanın haqq işinə dəstək olub”.
Bütün bunlarla yanaşı professor hesab edir ki, Azərbaycan 1992-ci ildəki kimi zəif olmadığı üçün belə böyük qələbə qazandı.
Vidadi ORDAHALLI