Məlum olduğu kimi, oktyabrın 13-də Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın Patriarxı II Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır. Görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.
Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək. Oktyabrın 12-si şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.
Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.
Allah adamlarının görüşü niyə qapalı keçirilir? II Qareginin son günlərə qədərki revanşist bəyanatları nə tez unuduldu? II Qareginin qisas fəaliyyəti niyə onun üzünə milyonların qarşısında deyilməsin?
Ekspertlər deyir ki, bu görüş qapalı yox, açıq keçirilməlidir və indiyə qədər II Qareginin sülhə zidd davranışları, sülhün yaranmasına mane olan revnşist bəyanatları, din xadiminə yaraşmayan davranışları ifşa edilməlidir. Çünki indiyə qədər II Qaraegin din adamına yaraşmayan hərəkətlər edib, qızışdırıcı mövqe tutub, revanşizmin alovlanmasına rəvac verib.
“II Qaregin Bin Laden, Əbubəkr Bağdadi və digər terrorçu dini rəhbərlər kimi terrorçudur, ona heç zaman inanmaq olmaz”
Tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, dini liderlərin görüşünün qapalı keçməsi müsbət hal deyil, ola bilsin, prosesin bu şəkildə təşkil edilməsində erməni katalikosun təşəbbüsü var. “Görüşün qapalı keçirilməsi qətiyyən düzgün deyil, onun açıq keçirilməsi daha doğru olardı. Amma dini liderlərinin görüşünün gizli keçirilməsində, şübhəsiz, yenə də bir erməni barmağı var. Belə görüşlər bağlı qapılar arxasında deyil, açıq keçirilməlidir. Çünki din xadimləri birinci növbədə ictimaiyyətin xadimləridir və onların bütün fəaliyyətləri siyasi fəaliyyətdən ibarət deyil, dini fəaliyyətdir. Ona görə də din xadimlərinin məxfi görüşü ağılasığmaz bir məsələdir... Bu görüşün gizlin keçirilməsinin əsl səbəbləri bizə məlum deyil deyə, onu daha detallı şərh etmək mümkün deyil. Ola bilsin ki, II Qaregin bizim dini rəhbərin ona qarşı hər hansı bir ittiham səsləndirməsindən, etdiklərini üzünə vurmasından ehtiyat edərək görüşün qapalı keçirilməsini, mediaya açıq olmamasını irəli sürüb. Amma hər bir halda yenə də burada erməni məkri özünü büruzə verir. Bilirsiz ki, indiyə qədər ermənilərin törətdiyi soyqırımlar, mənfur hadisələr, bəşəriyyət əleyhinə cinayətlər erməni kilsəsinin göstərişi, kilsənin hazırladığı məlum ideologiya əsasında törədilib, onlar bu cinayətkar əməllərini erməni Qriqorian kilsəsinin tapşırığı ilə icra ediblər”.
T.İrfanın sözlərinə görə, ermənilərin qan saçan cinayətləri yalnız türk xalqını, türk dünyasını əhatə etmir, islam dini mənsublarını, eləcə də digər xalqların, dinlərin nümayəndələrini əhatə edib. Ermənilərin Osmanlı və digər ərazilərdə türklərlə yanaşı tatları, kürdləri, rusları, yəhudiləri, bir sözlə, dininə, etnik mənsubiyyətinə, irqinə, cinsiyyətinə baxmayaraq qarşılarına çıxan kim varsa hamısını öldürüblər, qətlə yetiriliblər və ermənilərin törətdiyi cinayətlər bəşəriyyət, insanlıq əleyhinə cinayətdir: “Bu baxımdan II Qaregin Bin Laden, Əbubəkr Bağdadi və digər terrorçu dini rəhbərlər kimi terrorçudur, ona heç zaman inanmaq olmaz. Mən II Qaregini bu cür xarakterizə edərdim. Çünki ermənilərin dini də din deyil, heç mahiyyətcə xristianlıqla da əlaqəsi yoxdur. İran şiəlik pərdəsi altında gizləndiyi kimi, Ermənistan da, erməni ideologyası da xristianlıq pərdəsi altında gizlənmiş mənfur bir terrorizm cərəyanıdır. Belə bir sekta yoxdur. Onlar özlərini Qriqorian adlandırırlar. Bu qondarma bir şeydir. Erməni kilsəsi birbaşa terrora xidmət edir. Bütün dünya müharibədə də gördü ki, keşiş əlində avtomat insanları döyüşə təhrik edir. Nə İsa Peyğəmbər, nə də xristianlıq bunu qəbul edir. Dinlərdə həmişə sülh aşılanıb...” - deyə T.İrfan bildirdi.
İradə SARIYEVA