Vətən müharibəsindən sonra Azərbaycan ordusunu daha da gücləndirmək məqsədilə yeni addımlar atır, eyni zamanda ən müasir silahlar alır. Bu mənada təsadüfi deyil ki, cari ilin dövlət büdcəsində hərbi məqsədlər üçün xərclər kifayət qədər yüksək olub və gələn il ərzində də yüksək olacaq.
Xatırladaq ki, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq. Bu, yenə də Azərbaycanın müdafiə və təhlükəsizlik istiqamətində böyük həcmdə vəsait sərf edəcəyinin göstəricisidir. Azərbaycan ötən il də müdafiə və təhlükəsizlik istiqamətində bu qədər vəsait sərf etmişdi. Amma nəzərə alınmalıdır ki, ötən il İkinci Qarabağ müharibəsi yaşanıb. Bu il müharibə yoxdur. Amma hərbi xərclər yenə yüksəkdir. Bunun əsas səbəbi Azərbaycan Ordusunun yenə maddi-texniki və digər təminatının yüksək səviyyədə olmasının təmin edilməsidir. Ümumiyyətlə, Azərbaycan gələn il ordusu üçün çoxsaylı hərbi texnikanın alışını həyata keçirməyi düşünür. Belə ki, növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək. Bununla yanaşı, ordu quruculuğu sahəsində aparılacaq islahatlar çərçivəsində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi, digər müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması ortamüddətli dövr ərzində prioritet xərc istiqamətlərindən birini təşkil edəcək. Dövlət büdcəsindən ayrılan vəsaitin mühüm hissəsi yeni silahların alınmasına sərf edilir. Azərbaycan bunu ən yüksək səviyyədə bəyan edir. Hələ cari ilin fevralında Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bu xüsusda mühüm açıqlamalar vermişdi: “Azərbaycan ən müasir silahların alınması üçün müqavilələr imzalayıb və onlar ölkəyə gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Azərbaycan öz ordusunu bundan sonra da gücləndirəcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq".
Hazırda Azərbaycan İsrail, Türkiyə, Pakistan, Rusiya, Belarus və bir sıra Qərb ölkələrindən ən müasir silahlar alır. Təbii ki, bütün bunlar Azərbaycan ordusunu daha güclü hala gətirir. Onu da qeyd edək ki, İsrail artıq Azərbaycana silah satışı yarışında Rusiyanı qabaqlayıb. Ötən il Azərbaycan İsraildən ən çox silah alan ölkələr arasında yerini qoruyub. Bir müddət əvvəl isə İsrailin nüfuzlu “İsrail Hayom” nəşri belə bir məlumat yaydı ki, Azərbaycan İsrail şirkətlərindən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparır. Qeyd olunur ki, Bakı son günlərdə İsrailin müxtəlif sahələrdəki şirkətləri ilə, eləcə də ballistik raketlər və PUA-lar daxil olmaqla, müxtəlif növ döyüş sursatları ilə maraqlanır. Bunlar önümüzdəki aylarda imzalanması gözlənilən yüz milyonlarla dollarlıq müqavilələrdir. Eyni zamanda, yerli istehsal hesabına da Silahlı Qüvvələrin ən müasir hərbi texnika ilə təchizatı istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar indi ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir.
Bu vəziyyətdən həmişəki kimi narahat olan əsas tərəflərdən biri də Ermənistandır. Ermənistan ordusu 44 günlük müharibə zamanı darmadağın edilib, böyük həcmdə texnika itirib. İndi bunların yerini doldurmaq üçün milyardlarla dollar lazımdır. Ermənistanda isə belə pullar yoxdur. Bu vəziyyətdə heç kim Ermənistana silah satmaq niyyətində deyil. Yalnız Rusiyadan yeni silahlar bu ölkəyə ya “hədiyyə” olaraq, ya da güzəştli kreditlər hesabına verilə bilər. Ermənistanın müdafiə naziri Arşak Karapetyan bildirib ki, Rusiya Ermənistan ordusunun yenidən qurulması üçün onlara köhnə silahlar təklif edib. Amma onlar bundan imtina edib, ancaq yeni silahlar alacaqlarını deyiblər. Bununla belə, yeni silah üçün pul yoxdur. Bu məsələ Arşak Karapetyanın Rusiyaya oktyabrın 10-da reallaşan səfərində yenidən diqqət mərkəzində olub. Yayılan məlumata əsasən, ruslar yalnız köhnə, istifadədən çıxarılan silahları ermənilərə sata biləcəklərini bir daha diqqətə çatdırıblar. Rusiyalı ekspert Aleksandr Razuvayev hesab edir ki, bu gedişlə ruslar, ümumiyyətlə, ermənilərə silah verməyə bilər. O, bunun üçün artıq konkret səbəblərin yarandığını da bildirir: “Rusiya silah ixracı üzrə dünyada 2-ci yeri tutur, ölkənin orta illik satış həcmi 15 milyard dollardır. Sifariş portfeli isə 60 milyard dollar təşkil edir. Birinci yerdə ABŞ-dır, lakin NATO ölkələri könüllü-məcburi olaraq Amerika silahlarını almalıdırlar. Rusiyaya gəldikdə, o, silah bazarında yalnız kommersiya əsasında işləyir”. Ekspert “axar.az” portalına açıqlamasında qeyd edir ki, Rusiyanın Ermənistana silah ixracı ilə bağlı 2 problemi var: “Azərbaycanla baş tutan münaqişə göstərdi ki, ermənilər zəif döyüşçüdür və Rusiya silahı onların əlində antireklama çevirilir. Ən əsası odur ki, Ermənistan xəzinəsində pul yoxdur. Yəni İrəvan Moskvadan pulsuz silah istəyəcək. Xəzinədən başqa, Rusiya, Fransa və ABŞ-da biznes quran erməni oliqarxları da var. Onlar niyə atışıb Ermənistana kömək göstərmirlər ki? Zənnimcə, bu düzgün olardı. Yeri gəlmişkən, Moskva imtina etsə, İrəvan Parisdən pulsuz silah istəyə bilər. Baxaq, cavabları necə olacaq...".
Samirə SƏFƏROVA