Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib ki, onlar iki qonşu ölkə - Azərbaycan və Ermənistan arasında mediasiya prosesində iştirak etməkdə davam edəcəklər.
O, oktyabrın 8-də Ermənistana etdiyi səfərin çox uğurlu keçdiyini bildirib: “Əsas müzakirə mövzularından biri regional əməkdaşlıq və Gürcüstanın bölgədə üç ölkənin sıx əməkdaşlığını nəzərdə tutan Dinc Qonşuluq Təşəbbüsü olub”.
İ.Qaribaşvili Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox fəallıq etdiyini bildirib: “Bu prosesdə Gürcüstanın vacib və böyük rolu var. Bu ilin iyununda Azərbaycan və Ermənistan arasında vasitəçiliyimiz, hər iki ölkə liderinin razılığı ilə uğurlu presedentə nail olundu”.
Gürcüstanın vasitəçiliyi real olaraq nəyə gətirib çıxara bilər?ATƏT-in bacarmadığını, Rusiyanın bacarmadığını Gürcüstan bacaracaq?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, XIX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin yerləşdirilməsi ilə Rusiya yeni reallıqlar formalaşdırmağa çalışsa da, əsas keçidlər Azərbaycana aiddir: “Azərbaycanla Ermənistan arasında uzun illər mövcud olan konfliktindən hər iki ölkə ilə xoş münasibətləri olan Gürcüstan hər zaman istifadə edib. Lakin 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Gürcüstanı proseslərdən qismən kənar saxladı. Gürcüstan Cənubi Qafqazda Rusiya ilə konflikti olan yeganə ölkədir. Vətən müharibəsinə qədər Gürcüstanın xeyrinə olan məqamlar artıq onun əleyhinə dəyişir. Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda Gürcüstan Rusiyanın qaydaları ilə oynamağa məcburdur. Ona görə də Gürcüstan Rusiyanın əlini gücləndirəcək heç bir layihədə iştirak etmək istəmir və bunu açıq şəkildə göstərir. Azərbaycan və Türkiyənin təşəbbüskarı olduğu “3+3” platformasında iştirak etməyən Gürcüstan özünü proseslərdən kənarda qoyur. Gürcüstanın irəli sürdüyü “Cənubi Qafqazda dinc mehriban qonşuluq” təşəbbüsü isə mövcud təşəbbüsləri təkrarladığı üçün faydalı hesab olunmur.
Gürcüstan Rusiya ilə əməkdaşlıq etmək və onunla heç bir platformada yer almaq istəmir. Lakin siyasi-iqtisadi dəyərləndirmədə Rusiyanın iştirakı ilə baş tutacaq platformalar daha uğurlu sayılır. Konkret olaraq Gürcüstanın təklifinin dəyərləndirməsinə gəlsək, irəli sürülən bu təşəbbüslər diğər formatların artıq mövcud olan şərtləri təkrarladığı üçün heç kim üçün cazibədar olmayacaq”.
Politoloqun sözlərinə görə, Gürcüstanın səyləri o vaxt fayda verə bilər ki, Ermənistanın müstəqil qərar vermək imkanı olsun: “Onlar bu imkandan məhrumdur. Gürcüstan bu səyləri ilə əslində Rusiaynın Qafqazdakı gücünü zəiflətmək istəyir. Bu təşəbbüslərin Qərbdən ixrac olunğu qənaətindəyəm. Çünki Gürcüstan Qərbin Qafqazdakı qalası sayılır. Lakin düşünmürəm ki, illər uzunu ATƏT-in və bir sıra ölkələrin əldə edə bilmədiyi nəticəni Gürcüstan təkbaşına edə bilsin”
Məhəmmədəli QƏRİBLİ