İranın post-Qarabağ siyasəti İsraildə Azərbaycan səfirliyi məsələsini sürətləndirdi…

img

İranın Azərbaycana qarşı atdığı qərəzli addımların fonunda İsraildə səfirlik açmağımızla bağlı məsələ yenidən gündəmə gəlib.

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri  Fərid Şəfiyev də bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ çoxdan müzakirə edilir: “Azərbaycanın İsraildə Səfirlik təsis etməsinin tərəfdarıyıq. Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var”.

Fərid Şəfiyev daha sonra qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil: “Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.

Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı məsələ barədə müstəqil siyasətçilər nə düşünür?

 “İran hansı arqumentlə bizə deyə bilər ki, İsraildə səfirlik açma?”

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, ola bilsin, müəyyən dövlətlərlə münasibətləri pisləşdirməmək üçün İsraildə səfirlik açılmır: “Ən çox İran İslam Respublikasına və bəzi ərəb ölkələrinə görə Azərbaycan bu addımı atmır. Başqa siyasi səbəb yoxdur. İsraildə səfirliyin açılması Azərbaycana ziyan yox, xeyir gətirə bilər. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqda İsrail onu ilk tanıyan dövlətlərdən biri olub. İsrailin Azərbaycanda səfirliyi var, çox da uğurlu fəaliyyət göstərir. Digər önəmli məqam Azərbaycanın İsraillə strateji tərəfdaş olmasıdır. Azərbaycan İsrailə böyük həcmdə neft satır. Bakı Qərbdən ala bilmədiyi müasir silahları məhz İsraildən alır. Beynəlxalq məsələlərdə zaman-zaman İsrailin dəstəyini görürük. Bu amilləri nəzərə alıb düşünürəm ki, Azərbaycan İsraildə səfirlik açmalıdır. Bu məsələni yubatmaq olmaz.

Bəziləri hesab edir ki, Azərbaycan İsraildə səfirlik açsa, İran və ərəb ölkələri ilə münasibətlər mənfiyə doğru gedər. Amma düşünmürəm ki, bu doğru arqumentidir. Çünki bəzi ərəb ölkələrinin özlərinin İsraildə səfirlikləri var. Misiri, İordaniyanı misal göstərə bilərik.

İrana gəlincə, bu ölkə Ermənistanla strateji tərəfdaşdır. Ermənistanın özünün İsraildə səfirliyi var. Yəni İran hansı arqumentlə bizə deyə bilər ki, İsraildə səfirlik açma?

Fikrimcə, strateji əməkdaşlıq baxımından İsraildə Azərbaycan səfirliyinin açılması zəruridir. Bu, iki ölkə arasında tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıra bilər”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər