2018-ci ildə Paşinyan hakimiyyətə gələndən bəri ABŞ-ın Ermənistanda bioloji laboratoriyalarının mövcud olması ilə bağlı məlumatlar tez-tez mətbuatda müzakirə edilir. Özü də bununla bağlı məlumatlar ciddidir.
Məlumdur ki, ABŞ-ın Müdafiə Nazirliyinin nəzdində olan Təhlükəsizliyə Hədələrin Azaldılması Agentliyi (DTRA) dünyanın 25 ölkəsində bioloji laboratoriyalar yaradıb. Bu ölkələrdən biri Ermənistandır. Ermənistan bu proqrama 2008-ci ildə qoşulub. “Wikileaks”in sızdırdığı məlumatlara görə, o vaxt ABŞ hökuməti Ermənistan hakimiyyətinə iki laboratoriyanın yaradılması üçün 9 milyon dollar ayırmağı vəd edib. 2018-ci ildə artıq Ermənistan ərazisində 50 milyon dollar xərclənərək, biolaboratoriyaların bütöv şəbəkəsi yaradılıb. Hazırda Ermənistanda ABŞ-ın ümumilikdə 12 bioloji laboratoriyası var. Hətta Rusiya hərbi bazasının olduğu Gümrüdə belə, Pentaqon özünün sirli biolaboratoriyasını qurub. Formal olaraq Ermənistan hökumətinə tabe sayılsalar da, onların işinə Pentaqonun nümayəndəsi rəhbərlik edir. Həmin mərkəzlərdə bioloji silahın hazırlandığına dair iddialar dəfələrlə mediaya yol tapıb. Maraqlıdır, guya Azərbaycanda “terrorçuların” olmasından, ölkəmizin İsraillə yaxınlığından narahat olan İran rəsmiləri niyə indiyə qədər Ermənistandakı bioloji laboratoriyalardan bir dəfə də olsun danışmırlar? Axı İran ABŞ-ı özünün bir nömrəli düşməni hesab edir.
“Bütün bunlar bir daha rəsmi Tehranın necə bir riyakar siyasət yeritdiyini ortaya qoyur”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, İran bütün bunları görməzdən gəlir: “Əslində isə bu, İranın təhlükəsizliyi üçün bir təhdid mənbəyi sayılmalıdır. Ermənistanda bioloji laboratoriyanın olmasından, demək olar ki, dünya ictimaiyyətinin xəbəri var. Çünki neçə illərdir sözügedən məsələ ətrafında müzakirələr gedir. Eyni zamanda, Ermənistanda dünya standartlarına cavab verməyən “Metsamor”AES də fəaliyyətdədir. Çox təəssüflər olsun ki, dünya dövlətləri bu qanunsuz fəaliyyət göstərən bioloji laboratoriyaların fəaliyyətinin dayandırılması ilə bağlı heç bir tədbir görmək niyyətində deyil. Təbii ki, qanunsuz fəaliyyət göstərən labaratoriyalar ən çox qonşu ölkələrə təhlükə törədir. Çox təəssüflər olsun ki, qonşu dövlət olan İran bu məsələdə səssiz qalaraq, heç nə olmamış kimi prosesləri seyr etməkdədir. Nəinki seyr edir, hətta ermənilərə bütün sahələrdə dəstək olmağa davam edir. Bütün bunlar bir daha rəsmi Tehranın necə bir riyakar siyasət yeritdiyini ortaya qoyur. Əgər bənzər laboratoriyalar bizdə olsaydı, o zaman İran Azərbaycana müharibə elan edərdi”.
Sədr müavini hesab edir ki, belə hallara qarşı dövlətimiz əməli addımlar ataraq, beynəlxalq ictimaiyyəti ayağa qaldırmalıdır.
Vidadi ORDAHALLI