Azərbaycan və Ermənistanın siyasi partiya təmsilçiləri görüşüb. Bu barədə “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev məlumat yayıb.
Məlum olub ki, görüş Avstrayanın paytaxtı Vyanada keçirilib: “Vyanada Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə görüşümüz baş tutdu”.
Onun sözlərinə görə, görüş Avstriyanın dövlət qurumları və beyin mərkəzi nümayəndələrinin təşkilatçılığı ilə keçirilib.
T.Gəncəliyev onu da deyib ki, görüşdə post-münaqişə dövrünə aid məsələlər müzakirə edilib.
Ümumilikdə, bu kimi təmasların olması müsbət haldır. Ancaq partiyalar müstəvisində aparılan danışıqların rəsmi məzmununun açıqlanmaması anlaşılan deyil. Məsələ ondadır ki, xarici işlər nazirlikləri təmsilçiləri arasında gedən danışıqların məzmununun açıqlanmaması başadüşüləndir. Çünki diplomatik normalar bunun belə olmasını tələb edir. Ancaq nəzərə alsaq ki, ölkəni təmsil edən deputatlar Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə görüşüblər, o zaman danışıqların məzmunu barədə gərək ətraflı məlumat verəydilər. Niyə? Ona görə ki, onlar seçkili orqanı təmsil edirlər. Milləti təmsil edən deputatlar bununla bağlı xalqa hesabat verməyə borcludurlar.
Maraqlıdır, onlar danışıqların məzmunu barədə niyə ətraflı məlumat vermir?
“Sanki iki tərəf arasında imzalanacaq sülh sazişinin detalları müzakirə olunur və...”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, millət vəkillərinin keçirilən görüşün məzmunu barədə danışmaması anormal haldır: “Əvvəla, təəssüflər olsun ki, bizdə belədir. Qarabağla bağlı hansısa proses gedirsə, biz bu barədə ilk əvvəl Ermənistan və Rusiya mətbuatından xəbər tuturuq. Halbuki, çox yaxşı olardı ki, bu kimi məlumatları ölkə mətbuatından əldə edək. Dəfələrlə bənzər hallar olub. İndi də partiya müstəvisində müəyyən görüşlər keçirilir, amma görüşdə iştirak edən deputatlar, nədənsə, müzakirə olunan məsələlərin məzmunu barədə ətraflı danışmır. Sanki iki tərəf arasında imzalanacaq sülh sazişinin detalları müzakirə olunur və bu səbəbdən də danışıqlar konfidensial olmalıdır. Məlum məsələdir ki, nə deputatlara, nə də partiya təmsilçilərinə belə bir mandat verilməyib. Belə olan halda görüş barədə danışmamaq və müəmmalı bir görüntü yaratmağın anlamı nədir? Əvvəl-axır Ermənistanla sülh sazişi imzalansa da, bu, parlamentdə təsdiq olunmalıdır. Azərbaycan Ordusu 44 günlük müharibə zamanı ölkənin ərazi bütövlüyünü təmin edib. İşğal altında olan ərazilərin böyük hissəsi azad olunub. Status məsələsi ümumiyyətlə ortadan qaldırılıb. Ən azından, bununla bağlı rəsmi mövqe net və konkretdir. Ermənistan qəbul etmək istəməsə də, bu belədir. İndi bütün diqqət müharibədən sonra görüləcək quruculuq işlərinə yönəlməlidir. Deməyim odur ki, Azərbaycanın Qarabağla bağlı mövqeyi ortada ikən deputatların belə şübhəli davranışı tamamilə məntiqsizdir”.
Partiya funksioneri hesab edir ki, bu kimi görüşlərdə müzakirə olunan məsələlərin məzmunu gizli olmamalıdır.
Vidadi ORDAHALLI