“O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar”. Bunu Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Ölkə başçısının sözlərinə görə, 30 ilə yaxın Azərbaycanın İranla sərhədinin 130 kilometri işğal altında olub: “Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Hansı əlaqələr var idi, bunu biz indi araşdırırıq. Yoxsa durduğu yerdə Azərbaycanı ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu bizə qarşı hörmətsizlikdir. Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın. Yoxsa kimsə bizi ittiham edir ki, biz bölgədə sərhədləri dəyişdirmək istəyirik. Nəyin əsasında bizə qarşı bu ittiham səsləndirilir? Bizim sərhədlərimiz 30 il ərzində pozulmuş vəziyyətdə olanda, nədənsə, Ermənistana qarşı belə ittihamlar irəli sürülmürdü”.
Maraqlıdır, Azərbaycanın İranla sərhədinin 130 kilometri işğal altında olanda orada hansı proseslər gedirdi? Burada söhbət nədən gedə bilər?
“Ərazilərimiz işğaldan azad ediləndən sonra bu imkanlar İranın əlindən çıxdı”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bununla bağlı bir sıra məqamlara toxundu: “Həqiqətən də, 30 ilə yaxın işğal altında olan Azərbaycan-İran sərhədinin müəyyən hissəsində bəzi proseslər gedib. Çünki bu müddət ərzində Azərbaycan ora nəzarət edə bilmirdi. Sərhəd nəzarətsiz olduğu üçün İran istədiyini edirdi. Çünki İran-Ermənistan sərhədini Rusiya qoruyur. Orada İran və Ermənistan istədiyini müəyyən mənada tam şəkildə edə bilmirdi. Ancaq işğal olunmuş ərazilər üzərindən nə desən edirdilər. Zatən işğal dövründə zaman-zaman mətbuatda həmin sərhəd üzərindən müəyyən gizli məqsədlər üçün istifadə edildiyi barədə məlumatlar yayılırdı. Məsələn, qanunsuz olaraq narkoticarət həyata keçirilirdi. Sərhədin işğal altında olması buna əlverişli şərait yaradırdı. Faktiki olaraq, İran separatçılarla əlaqələr qururdu. Məlum olduğu kimi, İran sanksiyalar altındadır. Ölkə ilə bağlı bir sıra maliyyə məhdudiyyətləri var. İran işğal altında olan Qarabağda çirkli pulların yuyulmasını həyata keçirməklə, qismən də olsa, sanksiyaların təsirlərindən yayına bilirdi. Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra bu imkanlar əldən çıxdı. Ona görə də İran rəsmiləri həyasızcasına Azərbaycana yönəlik populist bəyanatlar verirlər. Fikrimcə, ölkə başçısı buna işarə etdi. İşarə etdi ki, ermənilərlə uzun illər bir yerdə idiniz. Nəyə görə o zaman İran sərhədboyu bir dəfə də təlim keçmədi? O zaman indi kimə güc göstərirsiniz? Ermənilər məsçidlərə donuz bağladılar. Maraqlıdır, bəs şiə dövləti olan İran niyə buna görə bir dəfə də olsun Ermənistana güc göstərmədi? Bax, budur reallıq”.
Partiya sədri hesab edir ki, İran hansısa təhdidlərlə nəyəsə nail ola bilməyəcək.
Vidadi ORDAHALLI