Məlum olduğu kimi, İranın ali dini lideri Xamneyinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb. Ocaqnejadin Azərbaycanda İran ideologiyasını yaydığı, din pərdəsi altında siyasətlə məşğul olduğu barədə fikirlər var, onun rəhbərlik etdiyi “Hüseyniyyə” məscidində daha çox İranın təbliğ edildiyi deyilir.
Azərbaycanda fəaliyyət göstərəndən indiyə qədər bir dəfə də olsun bizim haqq işimizi müdafiə etməyib. Bir dəfə Ermənistana səslənməyib ki, niyə Qarabağda məscidlərə donuz bağlamisiniz?
Ocaqnejat Bakıda nə işlərlə məşğul olurmuş?..
“Pozuculuqla məşğuldurlar...”
Naxçıvan Ali Məclisinin sabiq deputatı, tarixçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, Xamneyinin Azərbaycandakı nümayəndəsinin hansı işlə məşğul olduğu hər kəsə məlumdur: “Bir məşhur məsələmiz var: heç olmamasından gec olması yaxşıdır. Biz illərdir deyirdik ki, Xamneyinin Azərbaycandakı nümayəndəliyinin, bütövlükdə İranın fəaliyyəti pozuculuq fəaliyyətidir, bunun qarşısı alınmalıdır. Dini təhsil almaq adı ilə İrana gedənlərə qadağa qoyulmalıdır, onlar İrana buraxılmamalıdır, onlarla bağlı ciddi araşdırmalar aparılmalıdır, İranın buradakı missionerləri ciddi nəzarətə götürülməlidir. Amma illərdir bizim dediklərimizə fikir verilmirdi. Ocaqnejadin ofisinin bağlanması çox müsbətdir. Ocaqnejad burada hansı missiya, hansı səlahiyyətlə, hansı haqla ofis açmalı idi? Niyə? Deyirlər ki, Ocaqnejad burada İranın dini ideologiyasını yaymaqla məşğul olurdu. İranın hər hansı formadasa islam dini ilə heç bir əlaqəsi yoxdur. Heç bir İran rəsmisi nə Azərbaycanda, nə də dünyanın başqa bir islam ölkəsində dini ideologiya yaymır. İran panfarsizminə xidmət edən şuibi ideologiyasını, fikilərini yayır. Şuibi ideologiyası da islama zidd olan, bütləşməyə xidmət edən və dini siyasətə alət edən bir sistemdir. Ocaqnejadin ofisinin bağlanması hələ işin sadəcə olaraq başlanğıcıdır, bir zərrəsidir. Ocaqnejadın və İranın missionerlərinin 30 il müddətində yetişdirdiyi “fədai”ləri, canlı terror ünsürlərini, beynini yuduğu insanlarımızı müəyyənlışdirdirmək, onlarla mübarizə aparmaq çox ciddi sorun olacaq”.
B.Qəmbərlinin sözlərinə görə, Ocaqnejadın ofisinin bağlanması yetərli deyil, İran missonerlərinin hamısının fəaliyyəti qadağan edilməlidir: “İran İslam Respublikası adı ilə dünyada pozuculuqla məşğuldurlar. İrşad İran İslam Cəmiyyəti var, o da şüibiliyi yayır, yəni islamla bağlı heç bir iş görmürlər...”
İradə SARIYEVA