Prezident, Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə yenidən İranla bağlı mövzuya toxunub. O bildirib ki, biz xoş niyyət göstəririk, amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik: “Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.
Prezident deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik: “Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
Göründüyü kimi, İlham Əliyev İranın İsraillə bağlı bizə ünvanladığı iradları tam əsassız adlandırıb. Əksər təhlilçilər də hesab edir ki, əslində, İranı narahat edən İsrail mövzusu deyil, onlar Türkiyənin bölgədəki fəallığından ciddi narahatlıq keçirirlər. Sadəcə, müəyyən təbliğat üçün İsrail mövzusunu qabardırlar. Belə olan təddirdə, İran dövləti Prezidentimizin İsraillə bağlı onlara ünvanladığı suala hansı formada aydınlıq gətirə biləcək?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın son davranışlarının daha çox İsraillə bağlı olduğu qənaətindədir: “Söhbət təkcə İsrailin Azərbaycan ərazisində hansısa hərbi obyektlər qurma ehtimalından getmir. İran birmənalı şəkildə Azərbaycanın İsraillə yaxınlaşmasını qəbul etmək istəmir. Çünki həmin ölkə İranın bir nömrəli düşmənidir. Açıq deyək ki, bu istiqamətdə biz İrana kifayət qədər güzəştlər etmişik. Bugünə qədər biz İsraildə səfirlik açmamışıq. Baxmayaraq ki, İranın yaxın dostu olan Ermənistan həmin ölkədə çoxdandır səfirlik açıb. Hətta 44 günlük müharibənin ilk günündə səfiri geri çağırıb, bir demarş da təşkil etdi. Görünür, biz İsraildə səfirlik açmamaqla İranın bu şəkildə iddialar səsləndirməsinə müəyyən qədər əsaslar da vermişik. İran güman edir ki, biz özümüzü onun kiçik qardaşı kimi aparmalıyıq. Olduqca yanlış mövqedir, bundan nə qədər tez çəkilsələr o qədər yaxşıdır. Bu davranışlarda Türkiyə amili də varmı? Şübhəsiz ki, var! İran Türkiyəni özünün rəqibi sayır. Həmin ölkənin bu regionda möhkəmlənməsini qətiyyən qəbul etmir. Rusiyaya müəyyən qədər dözür. Əlacı olsa, onlara da imkan verməz ki, buralarda görünsünlər. Onun təlimlər vasitəsilə son əzələ nümayişinin başlıca səbəbi Türkiyə amilidir. Türkiyənin regiondakı fəallığı onları ciddi narahat edir. Narazılığın kökündə başqa hansı amil dura bilər? Azərbaycan Prezidenti açıq dedi ki, işğaldan azad edilən rayonların bərpasında yalnız bizə dost olan ölkələrin şirkətləri iştirak edə bilər. Bu gün həmin ərazilərdə Türkiyənin, İtaliyanın, İsrailin şirkətləri işləyir. İran şirkətləri yoxdur. Bu da İranın son addımları ilə bağlıdır. İstisna etmirəm ki, İran belə davranış sərgiləməsəydi, onun da şirkətləri bu prosesdə yaxından iştirak edəcəkdi. Görünür, iqtisadi sanksiyalar altında olan İranı bu məsələlər də sıxır. Cənab Prezident haqlı sual verir ki, hardadı İsrailin obyektləri? İranın dostu olan Ermənistan oranı darmadağın edib. Orada hələ ki, ancaq xarabalıqlar görünür. İndiki şəraitdə bunu etmək qeyri-mümkündür. Gələcəkdə, ola bilsin ki, mümkündür. Söhbət İsrailin tikmək istədiyi fermadan gedirsə, orada İtaliya ilə müştərək iş görüləcək. Bunun üçün biz kimdənsə icazə almamalıyıq. Prezidentin çıxışı bir daha göstərdi ki, bizimlə hədə dilində danışmaq kiməsə fayda verməyəcək. Azərbaycan öz müstəqil siyasətini yürüdən ölkədir. Kiminlə dost, kiminlə düşmən olmağı da özü müəyyənləşdirir”.
Məhəmmədəli QƏRİBLİ