“Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq, çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri biz də dəstəkləyirik”.
Bu fikirləri Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlət başçısı qeyd etdi ki, hazırda regionda real praktik əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır: “Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam”.
“Bölgədə sabitliyin davamlı qalması üçün böyük qonşular arasında münasibətlər isti olmalıdır”
Bölgədə sabitliyin qorunmasında Türkiyə və Rusiyanın rolu barədə danışan siyasi şərhçi Azər Həsrət bildirdi ki, Azərbaycan dövləti balanslı siyasət yürütməyi bacarır: “Uzun müddət idi ki, Türkiyə ilə Rusiya arasında münasibət gərgin idi. Belə gərgin münasibətlərdən zərər çəkən isə Azərbaycan dövləti olurdu. Məlumdur ki, Türkiyə ilə qardaşlıq bağımız var. Rusiya isə sərhəd qonşumuzdur. Qonşuluqda isə normal münasibətlərin olmasında maraqlıyıq. Bu baxımdan Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik Azərbaycanın zərərinə idi. Prezident İlham Əliyevin vasitəçiliyi və düzgün siyasəti nəticəsində iki ölkə arasında yaxınlaşma baş verdi. Bu yaxınlaşma 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsinə də şərait yaratdı. Bu baxımdan Azərbaycanda sabitliyin davamlı qalması üçün Rusiya-Türkiyə münasibətlərinin bu cür davam etməsi vacib şərtlərdən biridir. Biz istəmirik ki, iki ölkə arasında gərginlik yaşansın və Azərbaycanda bundan zərər görsün. Məlumdur ki, Rusiya ilə Türkiyə arasında gərginlik yaşananda Azərbaycan bəzən seçim qarşısında qalır. Təbii ki, bu seçim birmənalı şəkildə Türkiyədən yana olur. Lakin istənilən halda, bu vəziyyət bizim üçün xoşagələn olmur”.
A.Həsrət hesab edir ki, Azərbaycanda sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu var. Bütövlükdə, bölgədə sabitliyin davamlı qalması böyük qonşular arasında münasibətlər isti olmalıdır.
Günel CƏLİLOVA