“...Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələrinə gəldikdə, burada söhbət yüz minlərlə minadan gedir. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik”. Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.
Prezident burada indiyə qədər gizli olan bir sirr açdı ki, sən demə, ermənilər bizə minaların xəritəsini yox, minalanmış sahələrin xəritəsini verib. Biz onsuz da onların hər yerə mina basdırdıqlarını bilirik. Bizə konkret harda, hansı koordinatlarda mina olduğunu göstərən xəritələrin verilməsi lazımdı.
“Prezident İlham Əliyev, hər dəfə olduğu kimi, bu dəfə də Ermənistanın ikiüzlü siyasətini ifşa edərək, bu ölkənin...”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, bütün istiqamətlərdə olduğu kimi, Ermənistan minalarla bağlı da eyni anormal davranışları davam etdirir. “Bir çox məsələlərdə olduğu kimi, Ermənistan rəhbərliyi minalarla bağlı ikiüzlülük etməkdə davam edir, ikiüzlü siyasət aparır. Ermənistan bundan Azərbaycana qarşı həm təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir, həm də özünün qaniçənliyini, insani davranışlardan uzaq olduğunun göstərir. Minaların dəqiq yerlərini göstərən xəritələri Azərbaycana verməməklə Ermənistan müharibədən sonra da öz terrorçuluq əməllərini davam etdirdiyini göstərir. Açıq görsənir ki, bu ölkə bizim daha çox dinc insanımızın, hərbçilərimizin mina qurbanı olmasını istəyir. Bu da Ermənistan rəhbərliyinin iç üzünü açıb ifşa edən faktlardandır. Azərbaycan Prezidentinin mina məsələsinə yenidən beynəlxalq aləmin diqqətini cəlb etməsi, məsələnin yeni tərəfini göstərməsi diqqətçəkəndir. Konkret olaraq minaların basdırıldığı yerlər, koordinatlar göstərilməlidir. Yoxsa ümumi şəkildə göstərib “filan ərazi minalanıb” demək iş deyil. Dünya praktikasına görə, konkret yer göstərilməlidir. Ermənisan beynəlxalq hüquq normalarına qətiyyən əməl etmir. Azərbaycan Prezidentinin bu fikirləri Ermənistan mətbuatında da ciddi reaksiya doğurub. Prezidentin minalarla bağlı Ermənistan müsbət mövqe tutarsa, biz də ona uyğun addımlar atarıq fikri Ermənistan cəmiyyətində müsbət qarşılanıb, daha doğrusu, ümidlə qarşılanır. Çünki onların çoxlu sayda problemləri var”- deyən A.Nağı qeyd etdi ki, Azərbaycan Prezidentinin Ermənistanın bütün oyunlarını ifşa etməsi beynəlxalq aləmin bu ölkəyə təzyiq göstərməsinə əsas verir. “Prezident İlham Əliyev, hər dəfə olduğu kimi, bu dəfə də Ermənistanın ikiüzlü siyasətini ifşa edərək, bu ölkənin faşist mahiyyətini dünyaya təqdim edib”-deyə ekspert bildirdi.
İradə SARIYEVA