Son günlər İranda Azərbaycan əleyhinə qaralama kampaniyası səngimək bilmir. Ağlasığmaz əsası olmayan fikirlərlə çıxış edirlər. Bir sözlə, Azərbaycanla yaranan gərginlik İran mediasının da başlıca mövzularından birinə çevrilib.
Hökumətə yaxın qəzetlər, ekspertlər rəsmi tezislər əsasında Azərbaycan dövləti əleyhinə silsilə çıxışlar edir.
İranda mühafizəkarlara yaxın aparıcı “Keyhan” qəzeti yazır ki, İran Azərbaycanda “məxməri inqilab”ın qarşısını alıb və həmçinin Amerikanın Türkiyədəki dövlət çevrilişinə general Süleymani mane olub: “Ölkə rəhbərliyi xatırlayır ki, Azərbaycan hökumətinə qarşı Corc Sorosun başçılıq etdiyi “məxməri inqilab”ın qarşısını almaq üçün İran və Rusiya arasında təhlükəsizlik sahəsində birgə əməkdaşlıq həyata keçirildi. Ərdoğan da xatırlayır ki, ABŞ-ın ona və AKP-yə qarşı həyata keçirdiyi çevrilişdə uğur qazanmasına mane olan tərəf İran və şəxsən general Süleymani idi”.
Maraqlıdır, nə zaman Azərbaycanda belə situasiya yaranıb ki, İran bunun qarşısını alıb? İran belə qoçaq idisə bəs nəyə görə 2018-ci ilin aprelində Ermənistanda baş verən “məxməri inqilabı” önləmədi? Axı Ermənistanda baş verən hakimiyyət dəyişikliyi də Sorosun layihəsi idi.
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, bu, sadəcə İranın uydurduğu növbəti sərsəm açıqlamadır: “Prinsipcə, bundan təəccüblənmədim. Niyə? Ona görə ki, İran mediası ötən 30 il ərzində Azərbaycanla bağlı çoxsaylı uydurmalarla çıxış edib. Hətta, Birinci Qarabağ müharibəsi zamanı uğurlu Horadiz əməliyyatını da utanmadan İranla əlaqələndirirdilər. Deyirdilər ki, bilavasitə İranın dəstəyi sayəsində Azərbaycan həmin döyüşlərdə qələbə qazandı. Hansı ki, bu, tamamilə absurd bir fikirdir. O baxımdan İranın Azərbaycanda “məxməri inqilab”ın qarşısını alıb fikri tamamilə uydurmadır. Əksinə, İran maraqlı olar ki, Azərbaycanda bu kimi hadisələr baş versin və ölkədə vəziyyət qarışsın. Çünki Azərbaycanın güclü olmasından, ərazi bütövlüyünü bərpa etməsindən rəsmi Tehran hər zaman narahat olub. Başqa bir tərəfdən İranın elə bir gücü yoxdur ki, region ölkələrində baş verən siyasi dəyişiklikləri önləyə bilsin. Belə bir imkanı olsaydı, o zaman Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinin qarşısını alardı. İran öz nüvə alimlərini, strateji obyektlərini qoruya bilmir. İsrail kəşfiyyatı bir-bir onları aradan götürür. O üzdən, İranın Azərbaycan və Türkiyədə hakimiyyət dəyişikliklərinə mane olması barədə deyilənlər gülməlidir”.
Partiya funksioneri hesab edir ki, İranın media resursları bu yöndə boş təbliğat aparmaqla nəyəsə nail ola bilməyəcəklər.
Vidadi ORDAHALLI