Rusiya mətbuatı yazır ki, Ermənistan öz ərazisini bütün dəhlizlər üçün açmasa, nəticəsi bu ölkə üçün ağır olacaq. Bununla bağlı bir sıra arqumentlər irəli sürülür.
Qeyd edilir ki, Ermənistanın regionda tranzit-nəqliyyat infrastrukturunun açılmasına ehtiyacı var və çoxdandır burada müzakirə etməyə bir şey qalmayıb: “Erməni xalqı anlamalıdır ki, Ermənistan ərazisi zonalara, hissələrə bölünmədən praktikada bu, çətin ki, mümkün olsun. Axı bütün bu marşrutlar məhz Ermənistan ərazisindən keçəcək. Yeri gəlmişkən, sonra bu zonaların utilizasiyası daha da asan olacaq. Çünki Ermənistan yox, məhz Azərbaycan müharibədə qalib gəlib. Qalib isə, tarixən məlum olduğu kimi, həmişə öz şərtlərini diqtə edir. Ermənistan öz ərazisini bütün dəhlizlər üçün açmasa, müharibənin davam etdirilməsi qaçılmaz olacaq və artıq daha ağır nəticələrə gətirib çıxaracaq. Ancaq Azərbaycan çox gözləmək fikrində deyil. Bakı bunu mümkün olan bütün vasitələrlə nümayiş etdirir”.
Görünən odur ki, Rusiya bununla artıq Ermənistanın digər şansının olmadığı mesajını verir. Əks halda Ermənistan olan-qalanı da itirəcək.
“Rus mediası ona görə bu məsələni xüsusi olaraq qabardır ki...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Rusiyadan belə bir mesajın verilməsi təsadüfi deyil: “Məsələ ondadır ki, 44 günlük müharibə nəticəsində Azərbaycan öz gücü hesabına möhtəşəm qələbə qazandı. Bunun nəticəsidir ki, hətta Ermənistanın əzəli müttəfiqi olan Rusiya da Cənubi Qafqazla bağlı siyasətinə dəyişiklik etməli oldu. Ancaq biz rusun bu məsələdə bizi dəstəklədiyi barədə aşırı sadəlövh olmamalıyıq. Çünki bu məsələdə Kremlin öz maraqları var. Azərbaycan dövləti olaraq elə bir istiqamət götürdük ki, həm gücümüzü nümayiş etdirdik, həm də irəli sürdüyümüz təkliflər Rusiyanın maraqlarına uyğundur. Rus mediası ona görə bu məsələni xüsusi olaraq qabardır ki, dəhlizlərin açılması Rusiyanın mənafeyinə tam uyğundur. Çünki dəhlizlər sayəsində Rusiyanın təkcə Ermənistanla dəmir yolu bağlantısı olmayacaq. Bunun sayəsində Rusiyanın həm İrana, həm də Türkiyəyə yolu açılacaq. Özü də bu yol məsafə baxımından digər yollardan çox qısadır. Yolun qısa olması da nəqliyyat xərcləri baxımından sərfəlidir. Çünki bu zaman daşıma xərcləri ucuz olur. Ona görə də bu baxımdan Rusiyanın marağı Azərbaycanın maraqları ilə üst-üstə düşür. Ermənilər isə, bundan qazansalar da, kənar qüvvələrin təsiri ilə prosesi yubatmağa çalışırlar. Hesab edirəm ki, Fransa dəhlizlərin açılmasına və münasibətlərin normallaşmasına qarşıdır. Ona görə də proses yubanır. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan qalib tərəf olduğu üçün Ermənistanın başqa şansı yoxdur”.
Professor hesab edir ki, Ermənistan mövcud situasiya ilə barışmağa məhkumdur.
Vidadi ORDAHALLI