İngiltərədən Azərbaycanla bağlı gözlənilməz addım. Məsələ ondadır ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallaxer Serjik Sarkisyanın lideri olduğu “Şərəf duyuram” blokunun Ermənistan parlamentindəki fraksiyasının nümayəndələri ilə görüşüb.
Görüş zamanı Britaniya səfiri “Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində həlli”ndən danışıb. C.Qallaxer, həmçinin, Böyük Britaniya hökumətinin də dəstəyi ilə həyata keçirilən və Ermənistanın qanunverici orqanının potensialını artırmaq məqsədi daşıyan “Yeni Ermənistan - müasir parlament” proqramından bəhs edib. Bundan bir gün əvvəl səfir “Hayastan” blokunun üzvü, sabiq müdafiə naziri Seyran Ohanyanla görüşüb.
O da məlumdur ki, Böyük Britaniya ATƏT-in Minsk Qrupunun 11 üzvündən biri deyil. Bundan əvvəl uzun illər Qarabağ məsələsində İngiltərə hər zaman məsafəli davranıb. Nə Azərbaycanın, nə də Ermənistanın tərəfini tutub. Hansısa vasitəçilik təşəbbüsü ilə çıxış etməyib. Belə olan halda Minsk Qrupunun Britaniya səfirinə nə dəxli var? Bu cür məsuliyyətsiz çağırış nə deməkdir? Bəlkə səfirin məlum açıqlaması düşünülmüş siyasətin tərkib hissəsidir?
“Belə bir açıqlama Böyük Britaniyanın maraqlarına, Azərbaycanla olan münasibətlərinə tərs mütənasibdir”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Böyük Britaniya səfirinin belə bir açıqlama ilə çıxış etməsi təəssüf doğurur: “Əvvəla, bu çox yersiz və sərsəm bir açıqlamadır. ATƏT-in Minsk Qrupu 28 illik fəaliyyəti dövründə özünü doğrultmadı. Qarabağ məsələsi artıq öz həllini tapıb. Məlum olduğu kimi, 44 günlük müharibə zamanı Azərbaycan hərb yolu ilə öz ərazi bütövlüüyünü bərpa edib. BMT-nin 4 qətnaməsini icra edib. Hansı ki, uzun illər idi bu qətnamələr kağız üzərində qalırdı. Böyük Britaniya Azərbaycanın yaxın iqtisadi tərəfdaşlarından biridir. Azərbaycanın neft-qaz sahəsinə böyük sərmayələr qoyub. O baxımdan belə bir açıqlama Böyük Britaniyanın maraqlarına, Azərbaycanla olan münasibətlərinə tərs mütənasibdir. Böyük Britaniya ABŞ-ın, Fransanın təsiri altına düşüb bu cür açıqlamalarla çıxış etməməlidir. Ona görə ki, bu tamamilə absurd bir çağırışdır. Ermənilərə xoş gəlmək üçün belə açıqlamalar vermək olmaz”.
V.Rəhimzadə onu da qeyd etdi ki, xarici diplomatlar açıqlama verərkən diqqətli olmalıdır.
Vidadi ORDAHALLI