Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində 10 noyabr bəyanatının 4-cü bəndinin - sülhməramlıların bölgəyə yerləşməsinə paralel olaraq erməni qoşunların çıxarılması – icra edilməsinin vacibliyini vurğuladı.
Dövlət başçısı bəyanatdan danışarkən bildirdi ki, erməni silahlı qüvvələri bizim torpağımızdan tam çıxarılmalıdır: “Ermənistan faktiki olaraq kapitulyasiya, yəni təslim aktını imzaladı və noyabrın 10-da müharibə dayandı. Ona görə o önəmli məsələlərin həlli Ermənistanın qorxu içində olmasından qaynaqlanır. Amma ondan sonra nə oldu? Sülhməramlı qüvvələr gəldi, bir müddət keçdi və qalan məsələlərin icra edilməsi dayandı. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri bizim torpağımızdan tam çıxarılmalıdır. Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət bir təxribat qrupu göndərildi. Bu, 10 noyabr Bəyanatına tam ziddir. Azərbaycan Ordusu onları zərərsizləşdirdi və onlar həbs olundular. İndi onlara hərbi əsir deyirlər. Bunlar hərbi əsir deyil. Müharibə bitdi, noyabrın 10-da Bəyanat imzalandı. Ondan sonra göndərilən hər hansı bir hərbçi təxribat qrupunun üzvü kimi təsbit edilməlidir. Yəni bu məsələ öz həllini tapmadı. Bu, çox önəmli məsələdir və biz israr edirik ki, bu, öz həllini tapsın, tam həllini tapsın”.
Müharibədən sonra Prezidentin ilk dəfə bu bəndlə bağlı açıq danışması və bunu bəyan etməsi diqqət çəkir. Bu o deməkdir ki, 10 noyabr Bəyanatının 4-cü bəndi icra olunmalıdır.
“Görünən odur ki, Rusiya Ermənistanı özündən incik salmamaqdan ötrü 4-cü bəndin icrasına tələsmir”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Prezidentin bununla bağlı açıqlaması olduqca maraqlı məqamdır: “Bu o deməkdir ki, Azərbaycan sonsuza qədər səbr edə bilməz. Məsələ ondadır ki, müharibə bitdikdən sonra Ermənistan faktiki olaraq 10 noyabrda kapitulyasiya aktını imzaladı. Sözügedən 10 noyabr razılaşmasının 4-cü bəndində qeyd edilib ki, Rusiya sülhməramlı qüvvələri ora yerləşdikdən sonra erməni silahlıları Qarabağı tərk etməlidir. Bu həm də Qarabağdakı separatçı qüvvələrə aid edilməli idi. 40 gündən sonra 10 noyabr Bəyanatının 1 ili tamam olacaq, amma erməni silahlı birləşmələri hələ də oranı tərk etməyib. Faktiki olaraq, Bəyanatın 4-cü bəndi icra olunmayıb. Prezident bunu dilə gətirməklə bir növ Rusiyaya eyham vurdu ki, bəndin icrasını təmin etsinlər və bu qeyri-müəyyənliyə son qoyulsun. Çünki bununla bağlı məsuliyyət təkcə Ermənistanın yox, həm də Rusiyanın üzərinə düşür. O üzdən Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Ancaq görünən odur ki, Rusiya Ermənistanı özündən incik salmamaqdan ötrü 4-cü bəndin icrasına tələsmir. Yoxsa çoxdan bu məsələ öz həllini tapmış olardı. Ancaq əvvəl-axır bu məsələ həll edilməlidir”.
Partiya sədri hesab edir ki, 4-cü bəndin icrası ilə bağlı Azərbaycan israrlı mövqe tutmaqda davam etməlidir.
Vidadi ORDAHALLI