“Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər”. Bunu Prezident İlham Əliyev Fransanın "France-24" televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Ermənistan Azərbaycanın sülh çağrışlarına məhəl qoymur: “Regionda sülhün bərqərar olması ilə bağlı bizim mövqeyimizə gəldikdə, bu aydındır. Bunlar, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir. Bütün bunlar xoşməramlı jestlərdir. Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər. Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu, siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi”.
Görünən odur ki, Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab vermir, dünya birliyi də bununla bağlı rəsmi İrəvana təztiq göstərmir. Belə olan halda Azərbaycan nə etməlidir?
“Qarabağda mövqelərimiz irəli çəkilməlidir, atəşkəsi pozduğu halda onlar məhv edilməlidir”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, belə bir vəziyyətdə Azərbaycan Ermənistana yönəlik hərbi-siyasi təzyiqlərini daha da artırmalıdır: “Madam ki, aparıcı dövlətlər Ermənistanı sülhə məcbur etmək üçün səy göstərmirlər, Nikol Paşinyanı buna məcbur etmirlər, o zaman biz səylərimizi artırmalıyıq. Nəzərə almaq lazımdır ki, hazırda bunun üçün müəyyən imkanlar var. Bir neçə ildən sonra belə bir imkan olmaya bilər. Məsələ ondadır ki, 44 günlük müharibə zamanı Ermənistan ordusu darmadağın edilib. Həm canlı qüvvə baxımından, həm də hərbi texnika baxımından. O üzdən, maksimum bu imkandan istifadə etmək lazımdır. Necə ki, Qaragöl ətrafında ordumuz bir addım da olsun geri çəkilmir, bənzər addımlar digər istiqamətdə də atılmalıdır. Qarabağda mövqelərimiz irəli çəkilməlidir, erməni hərbi birləşmələri atəşkəsi pozduğu halda onlar məhv edilməlidir. Rusiyadan 10 noyabr razılaşmasından irəli gələn məsələlərin həlli tələb edilməlidir”.
Partiya sədri hesab edir ki, bütün bu və digər tədbirlərdən sonra Ermənistanı sülhə məcbur etmək olar.
Vidadi ORDAHALLI