“Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı”. Prezident İlham Əliyev bu barədə “France-24” televiziya kanalına müsahibəsində Fransanın mövqeyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Fransa Minsk Qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. “Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Biz bu narahatlığı ifadə etdik, çünki bir daha qeyd etmək istəyirəm ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır”.
Prezidentin sözügedən telekanala verdiyi müsahibənin timsalında Fransa ictimaiyyəti gördü ki, rəsmi Paris ona verilən vasitəçilik mandatından sui-istifadə edib. Açıq formada tərəf olub. Hansı ki, bu, Minsk Qrupunun mandatına tamamilə ziddir.
“Artıq həllini tapmış münaqişənin “tənzimlənməsində” Minsk Qrupu hansısa rol oynaya bilməz”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Sahil İsgəndərlinin fikrincə, həqiqətən də Fransanın digər həmsədrlərlə müqayisədə davranışı kifayət qədər fərqli idi: “Düzdür, digər iki həmsədr də heç də Azərbaycanın haqlı mövqeyinə istinad mövqeyindən çıxış etməyib. Ancaq Fransanın Vətən müharibəsinin getdiyi dövrdə Azərbaycana açıq-aşkar təzyiq göstərmək cəhdləri digər həmsədrlərin davranışlarından fərqlənirdi. ABŞ Fransa qədər həyasızcasına Azərbaycanın üzərinə getmədi. Ümumi çağırışlarla kifayətləndi. O baxımdan Prezident İlham Əliyev haqlı olaraq “France-24” televiziya kanalına müsahibəsində dedi ki, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Nə olsun ki, ölkədə güclü erməni diasporu var. Belə olan halda ortaya sual çıxır, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ölkə erməni diasporunun maraqlarına xidmət edir, yoxsa Fransa dövlətinin? Bax, əsas məsələ bundadır. Yeri gəlmişkən, Prezident müsahibədə xüsusi olaraq vurğuladı ki, Azərbaycanla Fransa arasında bir sıra birgə iqtisadi layihələr olub. O boyda dövlət o günəmi qalıb erməni disporunun maraqlarına xidmət edir? Yaxşı olardı ki, Makron bu barədə özünə sual versin. Prezident konkret olaraq vurğuladı ki, Fransa Minsk Qrupunda tərəf rolunu oynayır. Bu isə o deməkdir ki, rəsmi Parisin siyasəti dəyişməsə, Fransanın Minsk Qrupundan çıxarılması məsələsi qaldırıla bilər. Ona görə ki, bitərəfliyini heç cür qoruyub saxlaya bilmir. Başqa bur tərəfdən, Azərbaycanda ümumiyyətlə MQ-nin fəaliyyəti ilə bağlı böyük narazılıq var. Belə olan halda artıq həllini tapmış münaqişənin tənzimlənməsində MQ hansısa rol oynaya bilməz. Bu baxımdan hesab edirəm ki, Bakı ümumiyyətlə əvvəlki formatın dəyişdirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Fikrimcə, Rusiya artıq bunun əleyhinə gedə bilməz. Ona görə ki, Türkiyə artıq regiondadır”.
Politoloq hesab edir ki, beynəlxalq miqyasda rolu və nüfuzu azalan Fransa özünə rəva bilmədiyini, başqasına rəva görməməlidir.
Vidadi ORDAHALLI