“Xeyr. Mənim bəyanatlarımda siz heç vaxt ərazi iddialarının əlamətlərini tapa bilməzsiniz. Mənim nəzərdə tutduğum tarixi həqiqətdir. Bu bir tarixi faktdır ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Bu hadisə 1920-ci ildə baş verib - 101 il bundan əvvəl. Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim. Siz mənim heç bir çıxışımda buna rast gələ bilməzsiniz. Bununla yanaşı, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu bizim legitim hüququmuzdur…” Prezident İlham Əliyev bunu sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibə zamanı jurnalistin başdan-ayağa qərəz və təxribat olan “Burada bir məsələ var. Siz hesab edirsinizmi ki, bütün əraziləri geri qaytarmısınız? Əvvəllər Sizin bəyanatlarınız olub ki, Ermənistanın paytaxtı İrəvan qədim Azərbaycan torpağıdır. Bəli, Siz ötən il torpaqları geri qaytardınız, ancaq yenə də müəyyən suallar var. Ermənistanın özünün hesab etdiyi ərazilərlə bağlı hər hansı iddianız varmı” sualını cavablandırarkən deyib.
“Azərbaycan xalqı, İrəvan başda olmaqla, Qərbi Azərbayana qayıdacaq, amma tankla, topla, Ermənistan kimi “İsgəndər” atmaqla deyil, sülh, barış yolu ilə”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun, Ermənişünaslıq bölməsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransa başda olmaqla, bir çox Qərb dövlətlərinin mətbuatının Azərbaycana qarşı təxribatçı və qərəzli mövqe tutduğu gizlin deyil. O hesab edir ki, “France-24” televiziya kanalının müxbirinin də Azərbaycan Prezidentinə verdiyi bu qərəzli və təxribatçı sual bundan qaynaqlanır. “Fransa son zamanlar ortalığı daha çox qarışdırmaqla məşğuldur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi özünü doğrultmadı və fəaliyyəti yalnız Ermənistanın işğalçılıq mövqeyini dəstəkləmək oldu. Deyim ki, mənim dissertantlarımdan biri Fransanın keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində iştirakı ilə bağlı maraqlı bir dissertasiya yazıb. 150-160 səhifəlik dissertasiya Fransanın göstərdiyi “fəaliyyət”ə aiddir. Fransa həmsədr ölkələrdən biri kimi, nəinki Azərbaycanın xeyrinə bir iş görüb, heç obyektiv bir mövqe də ortaya qoymayıb. Bu aydındı. Vətən müharibəsi dövründə də biz Fransanın qərəzli mövqeyini gördük, Fransa rəsmiləri, mətbuatı Azərbaycana qarşı qarayaxma kampaniyaları apardı. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı zəfər Fransanı bəlkə də Ermənistandan artıq narahat edir. Fransanın dövlət başçısı da dəfələrlə Azərbaycana qarşı qərəzli çıxışlar edib... Fransalı jurnalistin Prezident İlham Əliyevə ünvanladığı qərəzli və təxribatçı sual da Fransanın Azərbaycanla bağlı qeyri-obyektiv, qərəzli siyasətindən qaynaqlanır. Bu sual təsadüfən verilməyib. Cənab Prezident də bu qərəzli suala çox yüksək səviyyədə cavab verdi. Prezident nə deyirsə, nə danışırsa, hansı məsələ ilə əlaqədar bəyanat verirsə mütləq şəkildə faktlara, sənədlərə, reallıqlara söykənir, heç zaman faktsız danışmır. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Fransanın və Ermənistanın Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyaları heç zaman baş tutmayacaq. Çünki Azərbaycan haqlı tərəfdi”.
Q.Hacıyev vurğuladı ki, 2018-ci ildə Ermənistan “İrəvanın 2800 illik yubileyi”ni keçirərkən rəsmi İrəvan hətta Azərbaycan Prezidentini “yubiley” tədbirinə dəvət etmişdi. İrəvanın 2800 yaşı olmadığını deyən Q.Hacıyevin sözlərinə görə, Qərbi Azərbaycanın mərkəzi şəhəri olan İrəvanın tarixi 2800 deyil, çox azdır: “Prezident İlham Əliyev İrəvanın yaranma tarixini çox gözəl bilir. Ermənilər İrəvanın adını da, yaranma tarixini də saxtalaşdırıblar. İrəvan tarixi Azərbaycan şəhəridir, bunu da bütün dünya bilir. Qərbi Azərbaycan qədim türk – Azərbaycan yurdudur, bunu bilməyən yoxdur. Bu torpaqların bizim ata-baba yurdumuz olduğunu təsdiq edən minlərlə faktlar, sənədlər var. Bununla belə, Azərbaycan heç zaman Ermənistana qarşı ərazi iddiasında deyil, cənab Prezident heç bir bəyanatında deməyib ki, biz tankla gəlib İrəvanı və başqa şəhərlərimizi geri qaytaracağıq, o həmişə xalqımızın yenidən öz doğma yurdalarına qayıdacağını bəyan edib. Azərbaycan xalqı öz ata-baba yurduna qayıdacaq, biz buna inanırıq. Heç şübhəsiz, cənab Prezidentin dediyi kimi, sülh bərqərar olduqdan sonra bizim soydaşlarımız Qərbi Azərbaycana qayıdacaqlar”.
Q.Hacıyev deyir ki, Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiasında olmasa da, Ermənistan rəsmiləri də, müxalifəti də Azərbaycana qarşı həmişə bu cür separatçı niyyətlər bəsləyiblər. “Fransa mətbuatı Azərbaycanın da, Ermənistanın da mövqeyini yaxşı bilir, sadəcə qərəzi imkan vermir ki, həqiqəti dilə gətirsin, obyektiv münasibət sərgiləsin. Azərbaycan xalqı, İrəvan başda olmaqla, Qərbi Azərbayana qayıdacaq, amma tankla, topla, Ermənistan kimi “İsgəndər” atmaqla deyil, sülh, barış yolu ilə. Bizim öz yurdlarımıza qayıtmaq haqqımız var. Bu imkan, şərait yetişəndən sonra bu məsələ reallaşacaq. Azərbaycan heç zaman Ermənistanın ərazisinə qarşı təhdid yaradan hərəkətlərə yol verməyib, bunu Fransa da çox əla bilir”-deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA