İsrailin və İngiltərənin Azərbaycandakı səfirləri Anım Günündə şəhidləri yad ediblər. Belə ki, İsrailin Azərbaycandakı səfirliyi İkinci Qarabağ müharibəsində həyatını itirənlərın xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyi “Twitter”də məlumat yayıb.
Paylaşımda Azərbaycanla həmrəylik nümayiş etdirilib: “Bu gün, Anım Günündə səfir Corc Dik və səfirlik heyəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək, müharibə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq”.
Öz növbəsində, Böyük Britaniyanın Azərbaycandakı səfiri də Anım Günü ilə bağlı qeyd paylaşıb. Qeyddə deyilir: “27 Sentyabr - Anım Günü, keçənilki müharibədə həyatını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm”.
Diqqəti çəkən məqam odur ki, yenidən vasitəçilik iddiasında və eşqində olan həmsədr ölkələrin səfirləri bununla bağlı heç bir başsağlığı verməyiblər. Bunda da bir növ siyasi çalar axtarıb, bir kəlmə belə söz demədilər. Anım Gününü susqunluqla izlədilər və hansısa münasibət bildirməyi özlərinə rəva görmədilər. Maraqlıdır, niyə?
“Əslində həmsədr ölkələrin səfirləri bu addımı atmaqla ölkələrini biabır etdilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, əslində həmsədr ölkələrin səfirləri bu addımı atmaqla ölkələrini biabır etdilər: “İkinci Qarabağ müharibəsinin ildönümü Azərbaycanda anım və qələbə günü kimi qeyd edilir. Çünki bu, Azərbaycan xalqının möhtəşəm qələbəsidir. Təbii ki, Azərbaycana dost olan ölkələr bu Zəfəri bizimlə qeyd edir. Uzun illər münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun həmsədrlərindən hər hansı bir açıqlama olmadı. Bütün bunlar onu göstərir ki, onlara münaqişənin həlli sərf etmir. Yaxud münaqişənin həllinin Ermənistanın lehinə formalaşması üçün çalışırdılar. Ona görə həmin gün susqunluq nümayiş etdirdilər. Halbuki, onlar da sülhə və əməkdaşlığa çağıran açıqlama verməli idilər. Hazırda onlar fəaliyyətlərinin bərpa olunmasına çalışır. Azərbaycan isə Minsk Qrupunun yenidən fəaliyyət göstərməsində maraqlı deyil. Çünki onların fəaliyyəti Azərbaycanı qane etməyib. Hazırda onların bu məsələdə susqunluğu riyakarlıqdır. Düşünürəm ki, Minsk formati çərçivəsində danışıqlar bu illər ərzində Azərbaycanın məğlubiyyətlə barışmalı olduğuna hesablanıb. Ona görə də qalib olan Azərbaycani təbrik etmədilər”.
Politoloq hesab edir ki, həmsədr dövlətlərin səfirləri hər şeydə siyasi motiv axtarırlar.
Vidadi ORDAHALLI