“Biz döyüş əməliyyatları planına, demək olar ki, hər gün düzəlişlər edirdik”.Bunu Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.
Ölkə başçısının fikrincə, bu ilk növbədə onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi: “Biz güman edirdik ki, düşmən bizim nəzərdə tutduğumuz əməliyyatlar barədə ümumən məlumatlıdır. Döyüş əməliyyatları zonası yetərincə məhduddur və təbii ki, əsas əməliyyatların harada keçiriləcəyini hər bir hərbi mütəxəssis müəyyən edə bilər. Buna görə də biz döyüş əməliyyatları planına, demək olar ki, hər gün düzəlişlər edirdik. Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi”.
Bütün bu deyilənlərin fonunda, 5 dövlət qurumu ilə birlikdə əməliyyat planlarına gündəlik düzəlişlərin edilməsi taktikası müharibənin gedişində necə rol oynadı?
“Baş Qərargah Sərhəd Qoşunlarına, Daxili Qoşunlara, kəşfiyyat qurumlarına Prezidentin əmri ilə tapşırıqlar verir”
Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadənin fikrincə, sözügedən taktika müharibənin gedişində uğurlu rol oynadı: “Qurumlar arasında uğurlu koordinasiyanın həyata keçirilməsi döyüş əməliyyatlarının gedişinə çox müsbət təsir göstərdi. Onu da nəzərə almaq lazımdır ki, ümumilikdə döyüş əməliyyatlarının bu cür aparılmasını qanun da tələb edir. Müdafiə Nazirliyinin tərkibində Baş qərargah rəisi nazirin müavinidir. Ancaq reallıqda o təkcə ordunun yox, bütövlükdə Silahlı Qüvvələrin baş qərargahıdır. Söhbət bu strukturdan gedir. Çünki bu qurum ümumən bütün Silahlı Qüvvələrin baş qərargahıdır. Müharibə vaxtı Baş qərargah birbaşa Ali Baş Komandana tabe olur. Baş qərərgah müharibə vaxtı Sərhəd Qoşunlarına, Daxili Qoşunlara, kəşfiyyat qurumlarına prezidentin əmri ilə tapşırıqlar verir. Bütün Silahlı Qüvvələr vahid mərkəzdən idarə olunur. Ona görə də bütün bunlar əvvəlcədən qurulmuş bir sistemdir. Belə bir səlahiyyət ancaq müharibə vaxtı Baş qərargaha verilir. O da Ali Baş Komandanın tapşırığı ilə mümkündür. Ona görə də bu taktika tam məntiqli idi və döyüşlərdə özünü doğrultdu”.
Hərbi ekspert onu da qeyd etdi ki, Azərbaycan Ordusu müharibədə böyük peşəkarlıq göstərdi.
Vidadi ORDAHALLI