“Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür”. Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib.
Prezident qeyd edib ki, Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir: “Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır. Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar oldular”.
Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın vətəndaş itkin düşüb və bu haqda Ermənistan BMT-üzvlərinə, beynəlxalq təşkilatlara məlumat verməyib.
“Əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməyib”
Millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, Ermənistan itkin düşmüş, girov və əsir götürülmüş hər bir azərbaycanlının taleyinə aydınlıq gətirməli, onları geri qaytarmalıdır. Gec-tez bu cinayətlərdə əli olanların hamısı Azərbaycan dövləti tərəfindən mühakimə ediləcək: “Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Xocalı soyqırımı zamanı da mindən artıq azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. İtkin düşmüş vətəndaşlarımızın əksər hallarda işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq, azadlıq və toxunulmazlıq, o cümlədən yaşamaq hüquqları pozulub. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməyib”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi nümayişkaranə surətdə itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı ölkəmizlə əməkdaşlıqdan yayınır. Əsir və girov götürdüyü insanlarla beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bundan boyun qaçırır.
Günel CƏLİLOVA