Məlum olduğu kimi, Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırmaqla bir sıra vacib və həlledici məqamlara aydınlıq gətirdi.
O cümlədən, müharibədə qələbənin əldə olunmasında xüsusi təyinatlı hərbi hissələrin roluna toxundu: “Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər. Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm”. Görünən odur ki, xüsusi təyinatlılar müharibədə çox vacib rol oynayıb, əsl peşəkarlıq, şücaət, qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdiriblər.
“Onlar 44 günlük müharibədə misilsiz qəhrəmanlıq göstəriblər”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən hərbi ekspert Ramil Məmmədlinin fikrincə də, 44 günlük müharibədə xüsusi təyinatlılar misilsiz qəhrəmanlıq göstəriblər: “Azərbaycan Ordusunda xüsusi təyinatlılar bölməsi 1999-cu ilin aprelində yaradılıb. Həmin müddətdən sonra xüsusi təyinatlıların hazırlanmasına böyük diqqət göstərilib. 2003-cü ildə İlham Əliyev prezident seçiləndən sonra xüsusi təyinatlıların hazırlanmasına diqqət daha da artdı. Ən müasir silah vasitələri ilə təchiz edildilər. Bir çox ölkələrdə keçirilən kurslarda, yarışlarda iştirak edib təcrübələrini artırdılar. Özü də keçirilən yarışlarda Azərbaycan xüsusi təyinatlıları fərqlənirdilər. Qarabağın böyük hissəsinin dağlıq ərazidən ibarət olması düşmənə müdafiə olunmaq üçün ciddi üstünlüklər vəd edirdi. Ancaq xüsusi təyinatlıların yüksək peşəkarlığı və döyüş hazırlığı düşmənin əlindən bu imkanları aldı. Nəticədə ən mürəkkəb relyefə malik ərazilər xüsusi təyinatlılar sayəsində azad edildi”. Hərbi ekspert hesab edir ki, bundan sonra da xüsusi təyinatlılar daim diqqət mərkəzində olmalıdır. Vidadi ORDAHALLI