“Bəzi qərbli müxbirlər mənə təəccüblə deyirdilər ki, biz ermənilərin atəşlərindən həlak olmuş insanların dəfnində iştirak etmişik və orada heç bir narazılıq görməmişik”.
Bunu Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması ilə elə düşünürdülər ki, bizi dayandıracaqlar: “Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcək, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı. Deməliyəm ki, bəzi Qərb dairələri də bu niyyətdə idi, çünki bəzi müsahibələrim zamanı və ya müsahibədən sonrakı söhbətlərdə bəzi Qərbli müxbirlər mənə təəccüblə deyirdilər ki, biz ermənilərin atəşlərindən həlak olmuş insanların dəfnində iştirak etmişik və orada heç bir narazılıq görməmişik, əksinə, hamı Sizin haqqınızda danışır, hamı Sizə təşəkkür edir, hamı istəyir ki, Siz bu işi sona çatdırasınız. Vəziyyət belə idi”.
Görünən odur ki, müharibə dövründə Prezidentdən müsahibə alan xarici media vasitələri həm də ölkədəki ictimai rəyi öyrənməyə çalışıb. Yəni müharibəyə görə hökumətdən narazılıq artır, yoxsa artmır. Bəlli olur ki, xarici media vasitələrinin həm də belə bir məqsədi olub.
“Anlamırdılar ki, xalqımız torpaqların azad edilməsi ilə əlaqədar hər cür məhrumiyyətə dözməyə hazırdır”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, bütün bunlar müəyyən məsələlərdən xəbər verir: “Qərb media orqanlarının müharibə ilə bağlı Azərbaycandakı ictimai rəyi öyrənmələri təsadüfi deyil. Çünki onlar ölkədə çox güclü bir həmrəyliyin yaranacağını gözləmirdilər. Məsələ ondadır ki, 26 ildən artıq davam edən atəşkəs rejimi onlarda müəyyən arxayınlıq yaratmışdı. Hesab edirdilər ki, Azərbaycan cəmiyyəti müharibədən qorxacaq. O səbəbdən, müharibə başlasa belə, uzun çəkməyəcək. Xüsusən də güman edirdilər ki, dinc yaşayış məntəqələrinin dağıdılması hakimiyyətdən narazılığı artıracaq. Ancaq onlar anlamırdılar ki, xalqımız torpaqların azad edilməsi ilə əlaqədar hər cür məhrumiyyətə dözməyə hazırdır. Təki işğal altında olan ərazilər azad edilsin. Bu baxımdan, ermənilərlə yanaşı onların xarici havadarları da yanıldılar. Gördülər ki, Qarabağ məsələsində bütün millət yekdil mövqedən çıxış edir”.
Partiya sədri hesab edir ki, biz daima ölkədəki bu həmrəyliyi qorumalıyıq.
Vidadi ORDAHALLI