Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib ki, ölkəsi regionda dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır:
“Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar 2021-ci il tarixli bəyanatda göstərildiyi kimi, regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir-birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq”.
Paşinyanın bu “konstruktivlik” çağırışını nə dərəcədə səmimi saymaq olar?
“Sülh sazişinə hazır olduğunu bəyan edib, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deməlidir”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun üçün Prezident İlham Əliyevin eyni platformadan etdiyi çıxışı baxıb müqayisə etmək lazımdır: “ İlham Əliyev çıxışında Azərbaycanın yeni reallıqlar yaratdığını dedi və dünya birliyinə Ermənistanı bu situasiya ilə razılşamağa vadar etməyə çağırış etdi. Deməli, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir ki, belə müraciət zərurəti ortaya çıxır. Paşinyan kommunikasiyaların bərpasının zəruriliyi və bu istiqamətdə danışıqlara hazır olduğunu bəyan edirsə, qeyri-səmimidir. Bunun yolu üzərinə götürdüyü öhdəliklərdən keçir. Sülh sazişini imzalamaqda maraqlı olmayan bir ölkə hansı konstruktivlikdən danışa bilər? Sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı təxribatlar törədən bir ölkə hansı müsbət addımlardan danışa bilər? Paşinyanın bu çıxışı dünyaya özünü yaxşı və sülhpərvər kimi göstərmək niyyətindən irəli gəlir. Bəli, Ermənistan artıq anlayıb ki, kommunikasiyaların bərpası onlara sərf edir. Bunsuz xilasları yoxdur. Ancaq prosesi yubadır. Zəngəzur dəhlizi ilə bağlı hər dəfə yeni şərtlər irəli sürür. Ermənistan konstruktiv görünmək istəyirsə, ilk növbədə sərhədlərin dəqiqləşməsinə mane olmamalıdır. Sonra Zəngəzur dəhlizinin açılmasına icazə verməlidir. Ən sonda isə Sülh sazişinə hazır olduğunu bəyan edib, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deməlidir. Ermənistan bunları etmədən nəyəsə nail olmaq istəyirsə, baş tutan deyil. Bunlardan kənar isə heç bir konstruktivlik ola bilməz”.
Məhəmmədləli QƏRİBLİ