Səfir İranın təlimləri, Qarabağa daşınan yüklər və Amilinin təhdidi barədə danışdı - "Özəl şirkətlərə xəbərdarlıq olunub"

img

İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu günlərdə Culfa-Aslanduz arasında, Azərbaycanla sərhəd boyunca hərbi təlimlərinin keçirilmə səbəbini izah edərkən deyib. 

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib və bu, planlı təlim olub:

"Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz".

Musəvi Ərdəbil məscidinin imamı Seyid Həsən Amilinin Azərbaycanı təhdid edən moizəsi barədə deyib ki, "dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox".

İran səfiri ölkənin "altılıq" (Azərbaycan-Türkiyə-İran-Rusiya-Gürcüstan-Ermənistan) formatına dəstək verdiyini də bildirib. Qeyd edib ki, "bu, bütün region ölkələrinin xeyrinədir". 

"Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm", - səfir deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb:

"Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar.

Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək".

Son xəbərlər