İtaliya mətbuatı “Atəşkəsdən 300 gün sonra: Qarabağın bərpası və İtaliyanın rolu”ndan yazdı

img

İtaliyanın “Geopolitica.info” portalında itayan tədqiqatçı Chiara Minoranın müəllifliyi ilə “Atəşkəsdən 300 gün sonra: Qarabağın bərpası və İtaliyanın rolu” sərlövhəli məqalə dərc edilib.

Məqalədə üçtərəfli bəyanatın imzalanmasından keçən 300 gün ərzində Azərbaycanın azad edilmiş ərazilərdə, İtaliya da daxil olmaqla, bir sıra ölkələrin şirkətlərinin iştirakı ilə çoxsaylı bərpa və yenidənqurma layihələri həyata keçirdiyi, bunun azad edilmiş ərazilərdə davamlı iqtisadi inkişafı təmin etmək, eyni zamanda münaqişə dövründə ölkənin qalan hissəsinə sığınan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz ərazilərinə qayıtmasını təmin etmək məqsədi daşıdığı bildirilib.

Müəllif işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində inşa edilmiş birinci hava limanı olan Füzuli beynəlxalq hava limanından bəhs edərək, bunun Azərbaycan tərəfindən müharibədən sonra aparılan sürətli yenidənqurmanın bariz nümunəsi olduğunu vurğulayıb. O, həmçinin, Zəngilan və Laçında inşa ediləcək hava limanlarından, avtomobil yollarının inşasından da söz açıb. 

Müəllif ölkəmizin bu layihələrin bölgənin iqtisadiyyatını canlandıracağına əmin olduğunu, eyni zamanda üçtərəfli bəyanatda bölgədə bütün kommunikasiya xətlərinin açılmasının nəzərdə tutulduğunu, lakin Ermənistanın Azərbaycan qədər bu məsələdə tələsmədiyini bildirib.

Bərpa və yenidənqurma layihələrinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin müasirləşdirilməsini nəzərdə tutduğunu qeyd edən müəllif bu bölgələrdə infrastruktur və xidmətlərin daha səmərəli və dayanıqlı olması üçün “ağıllı” kəndlərin tikiləcəyini, günəş enerjisi istehsalı və Güləbird SES-in bərpası yolu ilə yaşıl enerjinin istehsal ediləcəyini bildirib. Sözügedən layihələrin böyük investisiya tələb etdiyini bildirən müəllif Bakının xarici investorları yenidənqurma layihələrinə cəlb etmək məqsədi daşıdığını, "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı 2021" sərgisinin məhz bu məqsədlə təşkil ediləcəyini vurğulayıb.

Məqalədə, habelə xarici ölkələrin şirkətlərinin iştirakına toxunan müəllif bu xüsusda İtaliyanın rolundan bəhs edərək bildirib ki, İtaliya da müharibədən sonrakı ərazilərin bərpasında əsas rol oynayan ölkələr siyahısındadır. Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə istinad edən müəllif İtaliyanın Azərbaycan üçün əsas Avropa tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki ölkənin müvafiq dövlət qurumlarının təşkilatçılğı ilə keçirilmiş vebmissiyalarda italyan şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə evlərin, tarixi və  memarlıq abidələrinin müxtəlif tikinti və bərpa layihələrində iştirakı imkanları müzakirə edilib. Habelə “Azərenerji” və Ansaldo arasında imzalanmış Ağdam, Kəlbəcər, Qubadlı və Füzuli rayonlarının ərazilərində dörd yarımstansiyanın yenidən qurulmasını nəzərdə tutan müqavilədən söz açan müəllif Zəngilan rayonunun Ağalı kəndində ilk ağıllı kənd layihəsinə cəlb olunan ölkələr siyahısında İtaliyanın da olduğunu bildirib.

Sonda müəllif qeyd olunan layihələrin icrasının mürəkkəb bir proses olmasına baxmayaraq, əslində bu layihələrin regionda sülhün bərqərar olmasına xidmət edəcəyini bildirib. Habelə əlavə edib ki,  işğaldan azad edilmiş ərazilərə xarici şirkətlərin cəlb edilməsi biznes əlaqələrinin qurulması və etibarlılıq mühitinin yaradılması nöqteyi-nəzərindən də bir fürsətdir. “Bu kontekstdə müharibədən sonrakı ərazilərin bərpası və yenidən qurulması layihələrində iştirakı ilə İtaliya Qafqazdakı rolunu möhkəmləndirməklə yanaşı, bölgədəki varlığını genişləndirmək və Azərbaycanla əlaqələri daha da gücləndirmək imkanına sahib olacaqdır”, deyə müəllif məqaləsini yekunlaşdırıb.

Son xəbərlər