Ağdamda mədəni və dini abidələr vəhşicəsinə dağıdılıb - İƏT komissiyasının sədri

img

30 ilə yaxın dövr ərzində Ağdamda mədəni və dini abidələr vəhşicəsinə dağıdılıb. Bu sözləri Trend-in Qarabağ bürosuna açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Said Məhəmməd Abdulla Omair Alghfeli deyib.

O, faktaraşdırıcı missiya çərçivəsində ilk dəfədir Ağdama səfər etdiklərini bildirib:

"Burada şahid olduqlarımız, gördüyümüz dağıntılar bizdə çox böyük təəssüf doğurur. İnsanların dini inanclarına qarşı hörmətsizlik etmək, mədəni və dini abidələrə qarşı vandalizm aktı törətmək fundamental insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Dağıdılmış kəndləri, qəsəbələri gördük. İnsanların mülkiyyət hüququna nə qədər ziyan vurulduğunun, bu torpaqlardan məcburi köçkün vəziyyətinə düşən insanların necə sarsıntılar keçirdiyini, hansı itkilərə məruz qaldıqlarının şahidi olduq"

Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 5 üzvdən ibarət nümayəndə heyətinin Ağdama səfəri başlayıb. Nümayəndə heyəti ilk olaraq Ağdam şəhərindəki vəziyyətlə tanış olacaq. Daha sonra Tərtər və Gəncədə olacaq.

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti ilə birgə yerində araşdırılacaq.

Son xəbərlər