Prezident İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş resident-əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən BMT TŞ-nin icra edilməyən qətnamələrindən danışıb:
“İmkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq. BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və sizin də yəqin bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə, onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk Qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk Qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.
Göründüyü kimi, Prezident bildirib ki, müharibənin nəticələrinə görə məsuliyyət yalnız Ermənistanın deyil, həm də onu beynəlxalq hüququn normalarına riayət etməyə məcbur etməyənlərin üzərinə düşür. Bu xüsusda məsuliyyəti daha çox kim daşıyır?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyanın bəzi nüfuzlu qurumları 30 illik işğal dövründə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoyulmadı, hətta işğalçıya daha çox dəstək verildi: “Bu ədalətsiz yanaşma işğalçı Ermənistanın daha da aqressivləşməsinə zəmin yaradırdı. Bu ədalətsizliyə Azərbaycan Vətən müharibəsilə son qoydu. Buna görə də Prezident haqlı olaraq qeyd edir ki, 44 gün davam edən müharibənin məsuliyyəti təkcə işğalçı Ermənistanın deyil, işğalçıya dəstək verən, işğal siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Bu məsələdə birbaşa məsuliyyət daşıyan ölkələr var. Xüsusilə də Minsk Qrupunun həmsədrləri olan dövlətlər. BMT TŞ-nin qətnamələrinə laqeyd münasibətin şahidi olduq. Ancaq biz həmin qurumun başqa dövlətlərlə bağlı çıxardığı qətnamələrin dərhal icra olunduğunu görmüşük. Hətta lazım olanda sülhməramlılar belə yeridilib. Azərbaycan öz gücünə ədaləti təmin edibsə, indi haqqı çatır ki, bu işdə təqsiri olanların çevrəsini müəyyənləşdirsin. Bəli, Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Mink Qrupunun həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, münaqişə çoxdan həll edilərdi. Bu işdə əsas məsuliyyəti Minsk Qrupu həmsədrləri - Rusiya, ABŞ və Fransa daşıyır. Bu ölkələr həm də BMT TŞ-nin üzvləridi. Onlar səhvlərindən nəticə çıxarıb, bundan sonrakı humanitar proseslərdə yaxından iştirak etməlidirlər. Təəssüf ki, biz həmin ölkələrin fəaliyyətində yenidən lazım olmayan cəhdləri müşahidə edirik. Onlar Qarabağda ermənilər üçün yenidən status məsləsini müzakirə etməyə cəhdlər göstərirlər. Təbiidir ki, heç bir faydası olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ